Sınaq – sınmamaq üçündür | 1news.az | Xəbərlər
Köşə

Sınaq – sınmamaq üçündür

15:17 - 15 / 01 / 2016
Sınaq – sınmamaq üçündür

Azərbaycanın qəribə taleyi var. Bu dövlətin yüksəlişi həmişə itkilərlə, siyasi katakilizmlərlə, çətinliklərlə müşayiət olunur... 

1918-ci ildə qurulan Xalq Cümhuriyyəti gənc və zəif olmasına rəğmən, böyük hədəflərə istiqamətlənmişdi. Amma... Hədəflərə doğru yalnız 23 ay yürüyə bildi. Əsrin 20-ci ilində Azərbaycanı nəinki işğal, ümumiyyətlə, coğrafiyasını kiçiltmək üçün nə mümkündürsə etdilər. 

1990-cı illərdə tarix yenidən təkrarlandı və zəif hökumətin zəif idarəçiliyi hələ də düşmən əsgərinin çəkmələri altında əzilən 20 faizlik torpaq itkisi ilə nəticələndi. Bu dəhşət 1993-cü ilə, Heydər Əliyevin möhtəşəm qayıdışınadək davam etdi. Və o andan Azərbaycanda güclü dövlət quruculuğuna start verildi...

Cox maraqlı detaldır ki, yuxarıda qeyd etdiyimiz hər iki tarixi dövrdə Azərbaycan iqtisadiyyatı indi olduğu qədər güclü olmayıb, Azərbaycan insanı bu səviyyədə rifah içində yaşamayıb. Lakin o vaxt müharibələrə, çörək növbələrinə rəğmən, xalq ayaqda dayanmağı bacarıb. Çünki Azərbaycanın güclü dövlət olacağına, nəhayət, suveren və müstəqil olacağına ümidini itirməyib. İnanıb. Azərbaycan həm də bir toplum olaraq bizim inamımızdan, inanclarımızdan doğulub.  

Bəs indi nə baş verir? İnsanlarımızda bir ümidsizlik sezilməkdədir. Sosial mediada, bir həmkarımızın yazdığı kimi, “sanki azərbaycanlıların bütün xoşbəxtliyi pulun üzərində imiş. Devalvasiya baş verir, hamının üzündən hüzn tökülür”. Niyə? Beləmi olmalıdır? Beləmi olmalıyıq? Bəli, ölkə iqtisadiyyatında dünyadakı iqtisadi böhranın təsirləri hiss edilir, milli valyutanın dəyəri aşağı düşüb və bundan insanlarla yanaşı, dövlətin özü də zərər görür. Amma bu, Azərbaycan hakimiyyətinin günahı ucbatındanmı baş verir? Gəlin real və ədalətli olmağa çalışaq:

Burada iki baxış imkanı var.

1. Neftin qiyməti dünya bazarında aşağı düşüb, manat devalvasiya olub, müəyyən problemlər mövcuddur. Bu rakursdan baxanda hər şey qarışıq görünür və əsas günahkar kimi mövcud iqtidar təqdim olunur. Özlərini “iqtisadi ekspert” kimi təqdim edənlər arqument gətirirlər ki, hökumət manatın devalvasiyasına hələ 2008-ci ildə dünyadakı maliyyə böhranı zamanı  getməli idi. “O zaman belə olmayacaqdı”,- deyə “kor tutduğunu buraxmayan kimi” eyni fikri təkrarlayırlar.

Halbuki 2008-ci ildə dünyanın, xüsusilə Avropanın əksər ölkələri necə çətin vəziyyətə düşdü, iqtisadiyyatlar defolt həddinə çatdı, işsizlik gündəlik həyatın adi hadisəsinə çevrildi və hələ də bir çox ölkə bu problemdən yaxa qurtara bilməyib. Azərbaycan isə az sayda ölkələrdən idi ki, öz iqtisadiyyatını yüksələn inkişaf xətti üzrə davam etdirə bildi. Bu barədə indiyə qədər çox deyilib, yazılıb və bunlar klişə hesab oluna bilər. Lakin normal məntiq burada hökumətin xalq üçün atdığı addımları kənara qoymamalı, gözardı etməməlidir.

Təsəvvür edin, manatın devalvasiyası 7 il öncə baş versəydi, durum necə olacaqdı? Bu 7 ildə axı Azərbaycan xalqı nəinki regionun, dünyanın əksər ölkəsindən daha yaxşı yaşayıb. İqtisadçı olmasaq da, qeyd edə bilərik ki, işsizlik həddi maksimum aşağı enib, evsizlər ev-eşik, mal-mülk sahibi olub. Beynəlxalq reytinq agentliklərində ölkəmiz ön pillələrə çıxıb. 

Burada “hökumət devalvasiyaya niyə 7 il öncə getmədi?” sualının cavabı aydın görünür: 90-cı illərin ağrı-acılarını yaşamış bu xalqın çətinliyi geridə qoyması və region ölkələrinin insanlarından daha yaxşı durumda olması... 

Hökumət neftdən gələn gəlirləri insan kapitalına çevirməklə, qeyri-neft sektorunun inkişafına sərf etməklə yanaşı, həm də insanlarımızın cibindəki pulun beynəlxalq valyuta hesab olunan dollardan daha dəyərli olmasına yönəltmişdi. Bunu anlamaq o qədər də çətin deyil, sadəcə, başımızı qaldırıb reallığa aydın nəzərlərlə baxmağımız lazımdır.     

2. 2014-cü ildən sonra dünya neft bazarında qiymətlər enməyə başladı. 2015-ci ildə isə vəziyyət daha da pisləşdi. Birinci səbəb dünyadakı iqtisadi situasiyadır. Xam neftə tələbat azaldı, təklif təlabatı üstələdi. OPEC hasilatı artırdı və İranla nüvə danışıqlarının uğurlu olmasının ardından bu ölkənin də bazara məhsul çıxarması gündəmə gəldi. Bunlarla yanaşı, ABŞ 40 ildən sonra öz neftini bazara çıxarmağı qərara aldı. 

İqtisadiyyat siyasətə təsir etdiyi kimi, siyasət də bu sektoru yönləndirən əsas amildir. Dünyanın siyasi situasiyası “soyuq müharibədən” sonra ilk dəfə bu qədər mürəkkəb mərhələyə qədəm qoydu. Ukrayna münaqişəsi ən böyük neft istehsalçılarından olan Rusiyanı Avropayla düşmən etdi. Qərb Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün hərəkətə keçdi. Bunun fonunda “neft quyusu” hesab olunan Yaxın Şərq qana boyandı. 

Səbəbləri uzatmaq da olar, amma sadaladıqlarımız Azərbaycanda yaranmış hazırkı iqtisadi vəziyyətin ölkə daxili ilə əlaqəsinin olmadığını göstərir. Bu baxımdan, dünya iqtisadiyyatının ayrılmaz hissəsi olan Azərbaycanda manatın devalvasiyasını və müəyyən iqtisadi çətinliklərin qaçılmaz olmasını anlayışla qarşılamaq lazımdır. 

Lakin dünyanın iqtisadi və siyasi mənzərəsi fonunda, situasiyanı Azərbaycanın əleyhinə çevirməyə çalışanların çabalarına rəğmən, ölkəmiz yenə də region, eləcə də bir çox Avropa dövlətləri ilə müqayisədə kifayət qədər yaxşı vəziyyətdədir. Misal üçün, Rusiyada, Orta Asiya respublikalarında, Şərqi Avropa ölkələrində, eləcə də Cənubi Qafqazın digər iki ölkəsində dollar milli valyutalara nisbətdə 100 faizdən dəfələrlə çox bahalaşıb.

Bu günlərdə Minskdən qayıdan həmkarımız Taleh Şahsuvarlının təəssüratları isə Azərbaycanın sərhədlərindən kənardakı vəziyyəti təsəvvür etməyə kömək edir:

“Minski gördüm və bir daha dedim: min şükür Azərbaycana. Burada həyat deyilən şey yoxdur. Süst və kimsəsiz şəhərdir. Qiymətlər də ucuz deyil əslində. Ölkədə istehsal yox səviyyəsindədir. Nə ilə yaşayırlar, anlamıram. Bizim ortabab yaşayanımız buranın ən zənginidir”.

Bu, sizə çox şey demirmi?! Təkcə Belarusda deyil, post-sovet məkanındakı ölkələrin böyük əksəri bu vəziyyətdədir. Romantik siyasətçilərimizsə israrla bildirirlər ki, devalvasiya qaçılmaz idisə, iqtisadiyyatı neftdən asılı vəziyyətdə saxlamamalıydıq. Bu fikirlər səslənəndə, bəlkə də, maraqlı və ya haqlı görünür, halbuki Azərbaycan indiyə qədər neftdən əldə etdiyini qeyri-neft sektoruna uğurla transfer edə bilib. Ancaq xaricdən deyilən hər sözə inananlarımız həqiqətləri bilmək istəyirlərsə,  bir qədər əziyyət çəkib beynəlxalq təşkilatların hesabatlarına baxa bilərlər. Onların inandığı beynəlxalq araşdırma mərkəzlərinin son proqnozunda deyilir: neft qiymətlərinin aşağı düşməsindən ən çox əziyyət çəkəcək ölkələr Rusiya, Səudiyyə Ərəbistanı, Kanada, Meksika, Venesuella, Nigeriya və Avropanın ən rifah ölkəsi hesab olunan Norveç olacaq. 

Azərbaycanın adı, gördüyünüz kimi, bu hesabatda yoxdur. 

Beynəlxalq Energetika Agentliyinin (International Energy Agency-İEA) 3 gün öncə yayılan araşdırmasında deyilir ki, postsovet məkanında böhrandan ən tez çıxan valyuta Azərbaycan manatı olacaq. Yaponiyanın nüfuzlu “Nomura” maliyyə agentliyinin ekspertlərinin hesablamalarına görə, 3 aydan sonra ABŞ dollarının mövqeləri zəifləyəcək, xam neftin bir bareli orta hesabla 35-40 dollara satılacaq. 

Deməli, azacıq dözümlü olmaq lazımdır. Zorakılıqla, iğtişaşlarla nəyə nail olmaq olar? İstəklərimizdən, arzularımızdan siyasi məqsədləri üçün istifadə etmək istəyənlərə imkan verməməliyik. Suriyanı gözümüzün önünə gətirək. Müharibə və humanitar fəlakətlə baş-başa buraxılan bu ölkənin firavan dövrünü və bu gününü müqayisə edək. Biz bu aqibəti istəyirikmi? 

Əlbəttə, yox.

Avropada müharibədən, qan-qadadan uzaqda miqrant həyatı yaşamaq üçün sularda boğulan körpə uşaqlar, namusuna təcavüz edilən qadınlar... Onlar bu həyatı istəyirdilərmi? 

“Onlar inqilab afişalarının asıldığı çubuqları tutur, tərifini belə düz-əməlli anlamadan “azadlıq” deyə qışqırır”. 

Dostoyevski “Şeytanlar” romanında belələrini “əclaf” adlandırır və haqlı olaraq yazır: “Onlar insanlara yalnız anarxiya gətirirlər”.

Mixail Bakunin və Pyotr Kropotkinin davamçılarının niyyətləri, əlbəttə ki, bizim dərdlərimiz, yaxud necə yaşamağımız deyil. Onlar “xaos və anarxiya” istəyir... 

Azərbaycanı sevməyənlərin qara niyyətləri gerçəkləşərsə, nələr ola bilər, heç düşündünüzmü? Bəlkə də, böyük vədlər verə bilərlər. Amma bundan artığını inanın ki, verməyəcəklər. Bu xalqın nə yaşadığı, nə arzuladığı onların umrundadırmı ki? Əllərində olsaydı, Azərbaycan adlı dövlətin mövcudluğuna son qoyardılar. Buna razı olmaq olarmı? Əlbəttə, yox. Ac da qalmaq olar, susuz da. Hətta ölmək də. Amma biz bu dövləti sabaha, sabahlara, gələcək nəsillərə sağ-salim, bütöv vermək üçün qorumaq məcburiyyətindəyik. Bu, borcdur, alın yazısıdır, hətta ləyaqət, namus məsələsidir!!!

Bəlkə də, fikirlərimə “pafos” deyərək ittiham edənlər tapılacaq. Amma öncə yaxın keçmişə nəzər salaq: ərəb dünyasının ən güclü iqtisadiyyatına malik olan Misirdə insanlar “biz evlənmək istəyirik” deyə absurd şüarlarla küçələrə çıxmışdılar. Nəticə nə oldu?

Ukraynada “demokratiya” (əslində “azad seks”) şüarı ilə “nihilistlərin” çıxdığı küçələr elə onları küçəyə çıxaranlar tərəfindən qana boyanmadımı?

“Ukraynada diktatura yaratdılar və onların sayının bir yox, üç olması heç nəyi dəyişmir. Romada da triumvirat var idi və imperiyanı Pompey, Krass və Sezar idarə edirdi. Hansı ki, bu, üçlüyün diktaturası idi. Ukraynaya Romanın taleyini yaşadırlar”.

Romantik Maydanın əleyhinə olduğu üçün bir gecədə qətlə yetirilən ukraynalı jurnalist Oles Buzina ölümündən öncə baş verənləri belə şərh etmişdi.

Təcrübə göstərir ki, emosiyalarla aranan “çıxış yolu” dövlətin məhv olmasının başlanğıcıdır. Bax buna yol vermək olmaz. Biz indi həmişəkindən daha artıq, həmişəkindən qat-qat artıq Prezident İlham Əliyevin ətrafında birləşməli, böhranlı vəziyyətdən alnıaçıq, üzüağ çıxmaq üçün var gücümüzlə dəstək verməliyik. Hazırkı daxili və xarici situasiya bunu indiyədək heç olmadığı qədər şərtləndirir, tələb edir...

Bəli, heç bir siyasi quruluş, heç bir cəmiyyət problemlərdən sığortalanmayıb. Bu gün aşağı ranqlı məmurun hansısa özbaşınalığı bizi özümüzdən çıxarır. Lakin buna etiraz olaraq dövləti hədəf seçmək böyük yanlışlıqlara yol aça bilər. Unutmamalıyıq ki, İlham Əliyev Azərbaycanı regionun ən zəngin dövlətinə çevirən, indiyədək baş verən bütün böhranlardan və siyasi kataklizimlərdən xilas edən, düşmənə bir qarış torpaq verməyən, əksinə, ərazi bütövlüyümüzün bərpası uğrunda nəhəng diplomatik hərəkat başladan dövlət rəhbəridir. Deməli, yaranmış müvəqqəti iqtisadi çətinlikdən də çıxış yolunu tapacaq. 

Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev məhz xalqın mövqeyindən çıxış edərək, hökuməti süni bahalaşmaya qarşı mübarizəyə çağırdı və çıxış yolunun konturlarını cızdı:

- İnhisarçılığa qarşı mübarizə genişlənəcək.
- Süni bahalaşma yaradanlar sərt cəzalandırılacaq.
- Qiymətlər tənzimlənəcək. 
- Pensiya və əmək haqları artırılacaq.

Buna şübhə etməməliyik, sadəcə, səbir etməli və təmkin göstərməliyik...

Aynur Camalqızı

Qeyd: məqalə müəllifin nəzər-nöqtəsini əks etdirir

 

Paylaş:
1232

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər