Poçt qutusu, poçtalyon və məktub - Keçmişə salam!

Ey poçt qutusu, sənə gələcəkdən xeyli həvadis gətirmişəm.
Əvvəla, onu ərz edim ki, kəlamım miladi təqvimlə 2025-ci ilədək vaqe olan hadisələr külliyyatını özündə cəmləyəcək. Bil və agah ol ki, zaman keçdikcə sən də tarixə dönəcək, yalnız mütaliələrimiz əsnasında qarşımıza çıxaraq bizi xəyalən əski çağlara geri qaytaracaqsan. Nostalgiya dolu bu görüşlərdə bizi sadəcə keçdiyin məşəqqətli inkişaf yoluna yox, kiçik vücuduna sığdırdığın yüzlərlə dilbər qəlbin məhəbbətinə, hicrana və şadmanlığa şahid edəcəksən. Bir vaxtlar həyat nişanəsi olan neçə-neçə qəlbi-bəşər sənə məktublarını əmanət edirdi. Beləliklə də, gah cəhalət girdabında boğulan Novruzəlilərə görə iztirab izləri ilə qançırlandın, gah da qara məktublarınla vüsal təşnəsi olan könüllərə atəş saldın. Əvvəllər sənin qoynundan qopan kağız parçaları günlərlə, həftələrlə səfər edib sahibinə yetişər və həsrət dolu gözləmə təbəssümlə cilalanmış dodaqlardan qopan sevinc nidaları ilə əvəz olunardı. Adınla, sanınla, məktubların və qasidinlə gör neçə kitaba, neçə şeirə qonaq olmuşsan.
Ey möhtərəm poçtalyon, sənin mübarək addımların həsrətin sədasıtək neçə ürəkdə ümid çırağını yandırmış, sevincin şöləsini alovlandırmışdır. Bəzən isə cəmi bir namə ilə cahanın ən ağır yükünü çiyinlərində daşımağa məcbur olmuşsan. Yolunu uzatmışsan, yeriyişinə təmkin qatmışsan, xəbəri təxirə salaraq əvvəla öz könlünü daşıdığın “qara xəbər”ə mübtəla etməyə çalışmışsan. Bəzən qapıdan qayıtmalı olmuşsan, bəzən də “Ana və poçtalyon” misralarının ruhu ilə ünvana tələsmişsən. Onu bil ki, nə sən unudulmusan, nə çiynindən asdığın çantan, nə çantandan aşıb-daşan məktubların, nə də müharibə dövründə nümayiş etdirdiyin iradə və məsuliyyət.
Hörmətli “Azərpoçt”, sənin sələfin 1818-ci il iyunun 1-də vətənimizdə ilk poçt rabitəsinin təşəkkülü ilə vücuda gəlmişdir. Bu 207 ilə o qədər yeniliklər və islahatlar sığışdırıldı ki, saymaqla bitməz. Hər dövrün öz çətinlikləri və imzası oldu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yəni 1918-ci il 6 oktyabrda Poçt və Teleqraf Nazirliyi yaradıldı. Bu hadisə millətin rabitə sahəsində öz iradəsini izhar etməsi baxımından mühüm bir mərhələ olmuşdur. II Dünya müharibəsində isə tərcümeyi-halının həm ən ağır, həm də məhsuldar dövrünü yaşadın. Cəbhədən gələn məktubları çatdıran poçtalyonlar həm ümid, həm də kədər daşıyırdılar. Onlar bu misilsiz xidmətlərinə görə “Əməkdar rabitəçi”, “Sosialist Əməyi Qəhrəmanı”, “Qırmızı Əmək Bayrağı” ordeni, “Fəxri Fərman” kimi mükafat və fəxri adlara layiq görülərək yüksək qiymətləndirilirdilər.
Tərəqqi və inkişafında əvəzsiz rol oynayan önəmli şəxsiyyətlərdən biri də Heydər Əliyev oldu. 1970-1980-ci illərdə məhz onun təşəbbüsü ilə 300-dən çox poçt şöbəsi binası tikildi. Beləliklə, daha da böyüdün və xidmətlərinin miqyasını genişləndirdin. Lakin bu parlaq dövr 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yerini durğunluq və tənəzzülə verdi. 1993-cü il 1 aprel tarixində Azərbaycan Poçt Müdiriyyəti Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul edildi. Bu qəliz dövr 1997-ci il 1 yanvarda poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlamasından etibarən başa çatdı.
Dönüş nöqtəsi
Təqvim vərəqləri 1999-cu il sentyabrın 29-cu gününü nişan edirdi. Artıq rəsmi olaraq Dövlət Müəssisəsi adlandırılmağa başlandın. Bu dəyişiklik hüquqi statusunu gücləndirdi və səni milli poçt operatoru kimi formalaşdırdı. İllər ötdükcə yenilənməyə və çağımızla ayaqlaşmağa başladın. Əvvəllər yalnız məktub və bağlama daşınması ilə məşğul ikən, bu günlərdə isə yeni cərəyanları diqqətə alaraq elektron ticarət, rəqəmsal maliyyə xidmətləri, onlayn ödənişlər, kuryer və logistika sahələrində fəaliyyət göstərirsən. Pul köçürmələri, elektron ödənişlər, kredit və sığorta xidmətləri, habelə kənd yerlərində yaşayan və banklara çıxışı olmayan vətəndaşların pensiya və sosial ödənişlərinin çatdırılması xidmətlərinin təklifi sənin illər ərzində necə zənginləşdiyini izhar edən ən bariz nümunələrdəndir. Həmçinin, geniş ATM şəbəkəsi və rəqəmsal ödəniş sistemləri vasitəsilə xidmətlərinin ölkə üzrə daha əlçatan şəkildə təqdim olunmasını təmin edirsən.
Sənin keçdiyin rəqəmsal transformasiya yolu, yalnız texnoloji yenilənmələrlə məhdudlaşmır, eyni zamanda ictimai, iqtisadi və idarəetmə sahələrində mühüm əhəmiyyət kəsb edən strateji bir mərhələdir. Bugünkü “Azərpoçt” – keçmiş ənənələri müasir çağın texnoloji tərəfləri ilə vəhdətə gətirərək əhalinin ehtiyaclarına münasib surətdə daha çevik, şəffaf və əlçatan xidmətlərə qadir bir müəssisəyə çevrilməyə müvəffəq olub.
Mövcud şəraitdə tam əminliklə bəyan etmək olar ki, “Azərpoçt”un transformasiya prosesi görkəmli siyasi xadim Heydər Əliyevin rabitə sahəsinə göstərdiyi strateji dəstəyin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəqəmsallaşma siyasətinin vəhdəti nəticəsində daha da möhkəmlənmiş və inkişaf etmişdir.
Zaman keçdi, qasidlər poçtalyon, poçtalyonlar isə kuryer oldu. Məktublar mesaja, möhürlər kodlara çevrildi. Lakin nə sevgilər dəyişdi, nə də duyğular. Məktublar isə hələ də bir ürəkdən digərinə uzanan körpü olmağa davam edir. Şairin də dediyi kimi,
Çox yox, bir varaq göndər,
Vaxtın yoxsa, ağ göndər,
əllərinin izini
evimə qonaq göndər.
Bilim harda solursan,
ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.
Yazı “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.