Mehriban Əliyevanın geniş fəaliyyət zənginliyinin kökündə Vətənə, xalqa xidmət missiyası dayanır

Yaxşılıq və mərhəmət Onun üçün ən ümdə anlayışlardır.
“Geniş anlamda mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir… Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”, – deyir Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva. O, nəcib keyfiyyətləri, çoxşaxəli və sərhəd tanımayan xeyirxah fəaliyyəti ilə dünyanın ən tanınmış fəal birinci xanımları sırasında öncül yerlərdədir. Təsadüfi deyil ki, beynəlxalq tərəfdaşlar onun fəaliyyətinin çoxdan ölkə, regional miqyası aşıb, qlobal əhəmiyyət kəsb etdiyini etiraf edir. O, təmsil olunduğu bütün beynəlxalq təsisatlarda, eləcə də müsəlman dünyasında nümunəvi qadın obrazı kimi qəbul edilir.
Mehriban xanım Əliyevanın geniş fəaliyyət zənginliyinin kökündə Vətənə, xalqa xidmət missiyası dayanır. O, bütün sahələrdə yalnız Azərbaycanın adını uca tutmaq, ölkəmizin haqq səsini dünyaya bəyan etmək, milli mədəniyyətimizin təbliği istiqamətində çalışıb. Hər zaman cəmiyyətin həssas təbəqəsinin yanında olan Mehriban xanım humanizmin simvolu kimi milyonların sevgisini qazanıb.
2004-cü ildən fəaliyyətə başlayan, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu da məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında çoxsaylı təhsil, səhiyyə layihələri reallaşdırıb. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 1000-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.
Əhalinin sağlamlığı hər zaman Mehriban Əliyevanın xüsusi diqqət göstərdiyi məsələdir. Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr, bir çox xeyriyyə aksiyaları cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb, ölkəmizdə müxtəlif, müasir standartlara uyğun səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.
Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı, beynəlxalq arenaya çıxarılması da məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olub.
Cənubi Qafqazda ən böyük xeyriyyəçi təşkilat olan Heydər Əliyev Fondu xeyirxah missiyası ilə bütün dünyada nüfuza malikdir. Vatikanda, Fransada, Pakistanda, Bosniya və Herseqovinada, Misirdə, Hindistanda və digər ölkələrdə bir sıra önəmli layihələrə imza atan Fond çoxşaxəli fəaliyyəti ilə dünyada ən etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti Azərbaycanın müasir, mütərəqqi, multikultural dövlət kimi tanıdılmasına zəmin yaradıb.
“Mən Azərbaycan xalqının rifahına xidmət edən humanitar proqramların səmərəsini artırmaq üçün bütün mövcud imkanlardan istifadə etməyi özümə borc bilirəm”, – deyən Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar ataraq, əsl nümunə sərgiləyib. Onun millət vəkili kimi fəaliyyətində yaddaqalan məqamlardan biri ədalət və humanizm ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Mehriban xanımın eyni zamanda millət vəkili kimi geniş beynəlxalq fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə Azərbaycanın qazandığı dostların sayı artıb.
Mehriban Əliyevanın Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyəti bu sahədə də Azərbaycana böyük uğurlar qazandırıb. Belə ki, ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb, məhz onun yüksək səviyyəli təşkilatçılıq bacarığı sayəsində Azərbaycan uğurlu ev sahibi kimi tarixə düşüb.
Beynəlxalq aləmdə də böyük nüfuza malik olan Mehriban xanımın dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə həm də ölkəmizin siyasətinin təzahürüdür.
Çoxşaxəli, fədakar və uğurlu fəaliyyətə verilən ən böyük qiymət isə Mehriban xanım Əliyevanın Prezident İlham Əliyev tərəfindən 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi oldu. “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”, – deyən Mehriban xanım bu ali vəzifədə gördüyü işlərlə ona olan etimadı doğrultmaqdadır.
44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə bütün fəaliyyət istiqamətləri yeni dövrün reallıqlarını özündə ehtiva edir. Belə ki, hər zaman həssas təbəqənin yanında olan Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinə və qazilərimizə daim dəstək, qayğı göstərir.
“Dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik”, – deyən Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin sadiq silahdaşı kimi azad olunmuş ərazilərin dirçəldilməsində iştirak edir. Şuşada “Xarıbülbül” Musiqi Festivalı başda olmaqla bir çox mədəni tədbirlərin təşkili də birinci xanımın xidmətləri sırasındadır. Təsadüfi deyil ki, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə müxtəlif dinlərə məxsus tarixi-dini və mədəni abidələrin qorunması, bərpası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.
2017-ci ildə birinci vitse-prezident kimi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr edən Mehriban xanım bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtma sevincini bölüşür, öz doğum gününü bu insanlarla birlikdə qeyd edir. Bu, həyatı və siyasi karyerası boyu xalqına sədaqətlə xidmət amalı ilə yaşayan ictimai-siyasi xadim üçün ən böyük mükafatdır.
Deputat Nigar Məmmədova