“Vəfat edənin yaxını bilmir ki, mərhumun ölümünə üzülsün, yoxsa...” - Toya bənzəyən YASLAR

İllər ötür, qərinələr bir-birini əvəz edir.
Keçən vaxt bir çox şeyi dəyişsə də, bəzi problemlər hələ də varlığını qorumağa davam edir. Bunlardan biri də Əlibəy Məmmədlinin şeirlərinin birində çox gözəl şəkildə izah etdiyi yas mərasimləridir:
Kim ölüb rəhmət oxu, ağlamağın faydası yox.
Bizim ən xoş günümüz matəm olan vaxta düşür.
Kim ölür, çox da deyil, azca gözün yaşla dolur.
Mağarın hər tərəfi yağlı yeyən başla dolur.
Çay olur, halva olur, boşqabımız aşla dolur.
Bizim adət belədir, qarnımızın hörməti var.
Bu tuluq qarnımızın gör nə qədər qiyməti var.
Ölüdən söhbət açan yox, hamı dərdin danışır,
Üzü saqqallı baba, nəyisə demək üçün çalışır.
Yasımız möcüzədir, hətta küsənlər barışır,
Ölənin ruhunu biz şadlıq ilə yad edirik,
Hələ göylə sürünən ruhunu da yad edirik.
Bu yağan sanma yağışdır, yerə heyrət tökülür,
İçi heyrətlə dolu, bir qazana ət tökülür,
Üçünə, yeddisinə , qırxına millət tökülür,
Belə bir çox yasımız musiqisiz toy kimidir.
Heç bilinmir bu nədir? Xəbərin var, Məşədi?
Toya bənzər yasdan ölülər incimədi?
Ölünü belə ölməyinə peşman edən bu problem hələ də həllini tapa bilməyib. Belə ki, son vaxtlar ehsanların çay süfrələri ilə nəhayətləndirilməsi istiqamətində işlər görülsə də, bəzi insanlar ətraf-mühitin qınağından çəkindiyi və ya vəfat edən yaxınını "hörmətli" şəkildə son mənzilə yola salmaq istədiyi üçün zəngin təamlı ehsanlar verməyə davam edir. Yəni bu addıma insanların fikri birmənalı deyil. Sosial şəbəkələrdə yayılan bir videodan sonra isə bu məsələ yenidən gündəmə gələrək müzakirələrə səbəb olub. Çəkilən görüntülərdən belə aydın olur ki, Samuxda yaxınını itirən bir şəxsin yanına başsağlığına görə heç kəs gəlməyib, çünki ehsan verməyib. Yağlı-buğlu ehsanlar, toy kimi adambaşına menyu təqdim edən mərasim evləri, gözüyaşlı qulluqda duran ailə üzvləri və s. Bəs yas mərasimi əslində necə olmalıdır? Ehsan verməyin, həqiqətən də, dünyasını dəyişən insanlara bir faydası varmı?
Məsələ ilə bağlı 1news.az-a fikir bildirən ilahiyyatçı Elşad Miri problemə dini aspektdən fikir bildirib:
“Birinci növbədə, İslamda “yas məclisi” anlayışı yoxdur. Bunlar adət-ənənəyə əsaslanan, dini don geydirilmiş məsələlərdir. Ehsan verməyin vəfat edən insana heç bir faydası yoxdur. Sadəcə olaraq insan özünü borclu bilərək gələnləri yedirdib doyurur. Bunun nə İslama, nə “Quran”a dəxli var. Peyğəmbərin vaxtında da belə şeylər olmayıb. Hamısı sonrakı dövrlərdə ortaya çıxmış və adət halına gətirilmiş din biznesmenlərinin etdiklərinin nəticəsidir. Bunu rayonlardan başlatmaqdansa, Bakıdan başlamaq yaxşıdır. Necə ki, Naxçıvanda başlamışdı. Təzəpir məscidində ehsan məclisləri qadağan edilib, ancaq çay, xurma və s. ilə olsa, bu daha doğru olar. Heydər məscidinin yaxınlığındakı böyük ehsan yeri də bura aiddir”.
İlahiyyatçı qeyd edib ki, ehsanın gerçək məğzi illər ötdükcə deformasiyaya uğrayaraq indiki hala gəlib çıxıb:
“Mənim öz ağbirçək böyüklərim həmişə danışırdılar ki, kimsə öləndə qonşular həmin evə yemək-içmək, çay gətirirdilər ki, mərhumun yaxınları qəmlidirlər, yeməklə məşğul olmasınlar. Amma indi biri vəfat edəndə yaxını bilmir ki, mərhumun ölümünə üzülsün, yoxsa inək kəsdirsin. Təkcə ehsan deyil, məzar yerlərinin satılması və s. də buraya daxildir. Bu, böyük bir “sənayeləşmiş” biznesin din adı altında keçirilən versiyasıdır”.
O, sonda tövsiyələrini verməyi unutmadı:
“Belə şeylərdən qurtulmaq lazımdır. Pandemiya dövründə də belə olmuşdu və çox rahat keçmişdi. Gəlib-gedənlər də çay içirdilər. Yoxsa hər gələnə yemək bişirmək zülmdür. Əgər ev sahibinin pulu varsa və yaxşılıq etmək istəyirsə, bir neçə tələbənin təhsil haqqına kömək etsin. Bu daha faydalıdır, nəinki ehsan vermək. Çünki ora gələn insanlar bir qarın yeməyi hər yerdə yeyə bilirlər”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə sosial şəbəkələrdə yayılan xəbəri üzülərək oxuduğunu söyləyib:
“Düşündüm ki, bizim millət belə deyil. Yas mərasimlərində israfçılığa son qoyulması çox düzgün və önəmli bir qərardır. Hesab edirəm ki, bu informasiyanın özü də araşdırılmalıdır. Ola bilər ki, bu məlumatın özü bir təxribatdır. Sanki insanlar yas mərasimlərinə yalnız yeməyə gəlirlər. Mən belə düşünmürəm.
Mərasim evləri özü yazırsa, bu onların biznesləri ilə bağlı qorxudan irəli gələ bilər. Sanki mərasim evləri bizneslərinin sıradan çıxması ilə bağlı çox narahatdır. Ola bilər ki, bu reklam məqsədi daşıyır”.
Deputat ehsanın ciddi bir israfçılıq olduğunu vurğulayıb.
“İsrafçılığın aradan qaldırılması çox təqdirəlayiqdir. Biz sevinməliyik ki, insanlar israfçılığa son qoymalı olduğunu anlayırlar. İsrafçılığa cəmiyyətimizdə yer yoxdur.
O, yekun olaraq cəmiyyətə müraciət edərək insanları həssas olmağa səsləyib:
“Mütləq şəkildə başsağlığı verməyə gedin ki, yas mərasimlərində yemək verməsələr, heç kəsin gəlməyəcəyi fikrinin düzgün olmadığı görünsün. Əgər kimsə yas mərasiminə yemək üçün gəlirsə, gəlməsin. Belə insanların gəlməməyindən narahat olmaq lazım deyil”.