Bişkekdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib – FOTO
Azərbaycanın Qırğızıstandakı səfirliyində Qanlı Yanvar müsibətinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, mərasimdə Qırğız Respublikası Jokorku Keneşinin (Parlamentinin), Hökumətinin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Mərasim başlamadan öncə 20 Yanvar müsibətini özündə əks etdirən foto sərgiyə baxış keçirilib, iştirakçılara press-relizlər təqdim edilib.
Tədbirin açılışında 20 Yanvar müsibətindən bəhs edən “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş olunub.
Sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhu ehtiramla yad olunub, Bişkekdəki “İmam Əli” məscidin axundu hacı İlqar Radjev tərəfindən Qurandan ayələr oxunub.
Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov 20 Yanvar müsibətinin törədilməsi cinayətlərinin yalnız Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı vandallıq nümunəsi olduğunu əsaslı dəlillərlə mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Səfir bildirib ki, yanvarın 20-də sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilib, 134 insan qətlə yetirilib, 744 insan yaralanıb, 5 nəfər itkin düşüb və 841 nəfər əsassız olaraq həbs edilib.
Səfir ulu öndər Heydər Əliyevin 20 Yanvar müsibətindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gəldiyini və cinayət törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyini söyləyib.
H.Orucov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakət ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, hər bir insan ölümünün faciə olduğunu söyləyərək, lakin öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının həlak olmaqları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirib.
Diplomat 20 Yanvar 1990-ci ildə Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edərək, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Sonra çıxış edən Qırğız Respublikası Parlamentinin deputatı, Qırğızstan- Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Aşera Xalikova göstərilən filmdən çox təsirləndiyini, Qanlı Yanvar müsibətinin təkcə qardaş Azərbaycan xalqının deyil, həm də qırğız xalqının müsibəti olduğunu qeyd edib.
A.Xalikova Azərbaycan ilə Qırğızstan arasında yüksək əməkdaşlıq əlaqələrinin olduğunu, Qırğızstanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və beynəlxalq təşkilatlarda da qarşılıqlı əməkdaşlığın davam etdiyini vurğulayıb.
Deputatdan sonra söz alan Ukraynanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikolay Doroşenko Azərbaycanın keçmiş sovet ittifaqı ölkələri arasında müstəqillik üçün mücadilə aparan ilk dövlətlərdən biri olduğunu qeyd edib. Ukraynalı səfir sovet rəhbərliyinin öz əhalisinin qırılmasına rahatlıqla göz yummasının onların qeyri-konstruktiv mövqeyinin, satkın siyasətinin bariz sübutu olduğunu bildirib.
Daha sonra çıxış edən Qırğızstan Xalqı Assambleyasının sədri, akademik Bektemir Murzubraimov tarixini unudan xalqın gələcəyinin olmayacağını, amma qardaş Azərbaycan xalqı öz tarixini heç vaxt unutmayacağını qeyd edib. B.Murzubraimov ötən il Azərbaycanda olduğunu və Şəhidlər xiyabanını ziyarət etdiyini qeyd edərək, Azərbaycan xalqının öz tarixinə necə hörmət etdiyinin bir daha şahidi olduğunu vurğulayıb.
Assambleya sədri Qanlı Yanvar müsibətinin də, Xocalı soyqırımının da qırğız xalqı tərəfindən hüznlə anıldığını, hadisələri törədənlərin gec-tez öz layiqli cəzalarını alacaqlarına ümid etdiyini bildirib.
Çıxış edən digər natiqlər də sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törətdilmiş vəhşiliklərdən, bu qanlı müsibətdə, başda Mixail Qorbaçov olmaqla, onların bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etmələri barədə danışıblar.
1news.az