Los Ancelesdə Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə dair tədbir keçirilib
ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan, Los Ancelesdə fəaliyyət göstərən Bet Ceykob Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə dair tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatıçılışı ilə baş tutub.
Tədbiri giriş nitqi ilə açan Sinaqoqun baş ravvini Kalman Topp Baş Konsulluq ilə əlaqələrinin qurulmasından məmnun olduqlarını bildirərək, Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmalarından böyük şərəf hissi keçirdiklərini vurğulayıb.
O, dünyada cərəyan edən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm fonunda, Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və mehriban şəraitdə yaşamalarının, tam dini etiqad azadlığından yararlana bilmələrinin olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürlərini çatdırıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev öz çıxışında, Azərbaycanın tarixi, müstəqilliyinin bərpasından sonra keçdiyi sürətli inkişaf yolu, sosial-iqtisadi tərəqqisi, uğurlu xarici siyasəti və multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat verib.
Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlərin böyük tarixi ənənəyə əsaslandığını qeyd edən diplomat, xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib.
Multikulturalizmin bir dövlət siyasəti kimi əsasının hələ ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən diplomat, bu siyasətin bu gün prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini söyləyərək, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndiyini vurğulayıb.
Baş konsul, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunduğunu qeyd edərək, bunun Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
1news.az