Qanlı Yanvar hadisələri ilə əlaqədar Vaşinqtonda anım mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Qanlı Yanvar hadisələri ilə əlaqədar Vaşinqtonda anım mərasimi keçirilib - FOTO

09:12 - 20 / 01 / 2016
Qanlı Yanvar hadisələri ilə əlaqədar Vaşinqtonda anım mərasimi keçirilib - FOTO

Ölkəmizin ABŞ-dakı səfirliyi Qanlı Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar Vaşinqtonda anım mərasimi təşkil edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, paytaxt Vaşinqton və ətraf bölgələrdə yaşayan soydaşlarımızın, eləcə də yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən mərasimdə 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə barədə məlumat verilib, əliyalın insanların gülləboran edildiyi bildirilib.

Mərasimdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 26 il əvvəl cərəyan etmiş həmin tarixi hadisələri xatırladaraq, Qanlı Yanvar faciəsinin sovet imperiyasının süqutu, milli mənəvi dirçəlişimiz və xalqımız arasında Azərbaycanın müstəqilliyinə artan inam baxımından bir dönüş anı olduğunu vurğulayıb. Müasir Azərbaycan tarixinin bu ağır günlərinin xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildirən E.Süleymanov, xatirələrini iştirakçılarla bölüşüb. 1990-cı ilin yanvarında Moskvada tələbə olmuş E.Süleymanov bu qanlı hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülmüş işlərdən də bəhs edib və bununla bağlı Moskva başda olmaqla, müxtəlif məkanlarda həmvətənlərimizin göstərdiyi fədakarlıqlardan söz açıb.

Səfir ümummilli lider Heydər Əliyevin həmin günlərdə göstərdiyi iradə və əzmkarlığın qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb, Ulu Öndərin 1990-cı il yanvarın 21-də Moskvadan səsləndirdiyi tarixi bəyanatın Azərbaycan xalqına mənəvi dəstək verdiyini diqqətə çatdırıb. E.Süleymanov Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin hər bir azərbaycanlının qəlbində daima yaşayacağını bildirib.

Mərasimdə 1990-cı ilin yanvarında Bakının küçə və meydanlarında lentə alınmış videokadrlar nümayiş olunub.

1news.az

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər