Azərbaycanın yeni səfiri BƏƏ-nin xarici işlər nazirinin birinci müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın yeni səfiri BƏƏ-nin xarici işlər nazirinin birinci müavini ilə görüşüb

13:17 - 21 / 01 / 2016
Azərbaycanın yeni səfiri BƏƏ-nin xarici işlər nazirinin birinci müavini ilə görüşüb

Səfir Daşqın Şikarov etimadnamələrin surətini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin birinci müavini Məhəmməd Mir Abdullah Ər-Rəisiyə təqdim edib.

1news.az-ın məlumatına görə, dost və qardaş BƏƏ-yə səfir vəzifəsinə təyin olunmasından məmnunluğunu bildirən səfir Azərbaycanı və Ərəb Əmirliklərini bağlayan dostluq və əməkdaşlıq əlaqələrinin daha yeni müstəviyə çıxarmaq istiqamətində səylərini əsirgəməyəcəyini vəd edib.

D.Şikarov BƏƏ-nin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfərini xatırladaraq, bu səfərin xüsusən də Azərbaycan-BƏƏ siyasi əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli olduğunu xüsusilə qeyd edib.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş BƏƏ-yə rəsmi səfərinin gözlənildiyini yada salaraq, səfir dövlət başçımızın qardaş ölkəyə səfərinin uğurla keçəcəyinə böyük ümid bəslədiyini bildirib, səfərin təşkilində göstərilən dəstəyə görə Ər-Rəisiyə təşəkkür edib.

Azərbaycan səfirini təyinatı münasibətilə təbrik edən nazirin 1-ci müavini ona yeni vəzifəsində müvəffəqiyyətlər diləyib və vəzifə səlahiyyətləri daxilində istənilən məsələdə yardım etməyə hazır olduğunu diqqətinə çatdırıb.

XİN rəsmisi Şeyx Məhəmməd bin Raşidin Bakıya səfərinə keçərək, həmin səfərin uğurla keçdiyini vurğulayıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli çəkisini xüsusilə qeyd edib.

Prezident İlham Əliyevin rəsmi səfərinə gəlincə, Ər-Rəisi ölkəmizin rəhbərinin səfərinin yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirərək, Azərbaycan səfirinin öz diplomatik fəaliyyətinə uğurla başladığını xüsusilə qeyd edib və belə uğurların davamlı olmasını arzu edib.

Nazirin 1-ci müavini ilə görüşün ardınca BƏƏ xarici işlər nazirinin Protokol məsələləri üzrə müavini Şihəb Əl-Fəhim ilə görüş baş tutub.

Səfir D.Şikarovu təyinatı münasibətilə təbrik edərək, nazir müavini fəaliyyətində uğurlar diləyib və fəaliyyətinin uğurlu olması üçün lazımi dəstək verməyə hazır olduğunu diqqətinə çatdırıb.

Səfir məhz Azərbaycana dost və qardaş ölkəyə təyinatından sevinc hissi duyduğunu deyərək, fəaliyyət göstərəcəyi müddət ərzində iki dost və qardaş ölkə arasındakı əlaqələrdə hərtərəfli yüksəlişə nail olmağa səy göstərəcəyini vurğulayıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş BƏƏ-yə rəsmi səfərinin nəzərdə tutulduğunu xatırladaraq, bu səfərin iki qardaş və dost ölkə və xalqın bir-birinə daha da yaxınlaşması nöqteyi-nəzərindən əhəmiyyətini qabardıb.

Əl-Fəhim Azərbaycan prezidentinin gözlənilən rəsmi səfərinin son dərəcə önəmli olduğunu xüsusilə qeyd edərək, ölkə rəhbərliyinin bu səfərə xüsusi əhəmiyyət verdiyini nəzərə çatdırıb.

Hər iki görüşdə müqabil tərəfə torpağlarımızın Ermənistan tərəfindən işğalı, Xocalı soyqırım və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar haqqında dolğun məlumat verilib, münaqişə ilə bağlı BƏƏ-nin dəyişməz mövqeyinin Azərbaycanda yüksək dəyərləndirildiyi qeyd edilib.

1news.az

 

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər