AŞPA Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı faktını tanıyıb | 1news.az | Xəbərlər
Siyasət

AŞPA Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı faktını tanıyıb

02:10 - 27 / 01 / 2016
AŞPA Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı faktını tanıyıb

KİV-də xəbər verildiyi kimi, bu gün AŞPA-da britaniyalı deputat Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artması” və Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı iki mühüm qətnamə layihəsi üzrə səsvermə keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən birinci sənəd qəbul edilməyib, ikincisi isə qəbul edilib.

Lakin qəbul edilmiş qətnamənin Sərhəng su anbarına dair 4 və 6-cı bəndlərində qeyd olunanlar (bax:) Ermənistanın bu qətnamənin qarşısını almaq cəhdlərini faktiki olaraq heçə endirir.

Biz əslində nəyə nail olmaq istəyirdik? Məqsədimiz AŞPA tərəfindən üç ən mühüm postulatın sənədli şəkildə tanınmasına nail olmaq idi:

1) Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olması;

2) Azərbaycanın bu regionunun “nəzarət altında olması” deyil, İŞĞAL olunması faktını;

3) mifik “erməni qüvvələri” deyil, ERMƏNİSTAN tərəfindən işğalı faktını.

Məqsədimizə çatmışıqmı? Sözsüz!

Başa düşə bilmirəm ki, erməni KİV-ləri nəyə görə şadyanalıq edir! Onlar bir zərbəni dəf edib, həmən anda digər nokaut zərbəsi almaqla nəyə nail oldular? Nəticə birdir – nokaut!

Erməni KİV-lərindəki şadyanalığın və bəzi Azərbaycan nəşrlərinin səhifələrində başa düşülməyən özünü qılınclamağın tam absurdluğunu izah etmək üçün iki sadə müqayisə aparaq. Təsəvvür edin ki, ermənilərin başına vurulmuş iki ölümcül güllədən birini dəf etdikdən sonra onlar şadyanalıq etməyə başlayırlar. Onlara ikinci güllənin dəyməsinin və “obyektin” artıq məhv olmasının isə onlar üçün nəyə görəsə əhəmiyyəti yoxdur!

Yaxud da təsəvvür edin ki, Ermənistan və Azərbaycan komandaları arasında final matçı gedir. Azərbaycan futbolçuları bütün oyun boyu hücum edirlər, nəticədə erməni qapısına iki penalti təyin edilir və onlardan birini həyata keçirmək mümkün olur. Ermənilər də 0:2 əvəzinə 0:1 hesabı ilə uduzduqları üçün şadyanalıq edirlər.

Həmkarlarıma üzümü tutub deyirəm: uşaqlar, bu necə “heç-heçə”dir? Nə vaxtdan qapıçının bir zərbəni dəf etməsi o biri qolu “neytrallaşdırmaq” hesab olunur? İki mühüm qətnamədən biri faktiki qəbul edilib və onda ifadə olunan fikirlər digərinin məzmununda olanları təkrarlayır. Məqsədə nail olunub! AŞPA-nın bizim üçün bütün lazım olan və yuxarıda sadalanan ifadələrin yer aldığı qətnamənin qəbul etməsinə, nəhayət ki, nail olunub.

Mən ölkəmizin KİV-lərində hay-küy yaradan və XİN-i “fəaliyyətsizliyə” görə tənqid edənləri anlaya bilmirəm. Mən diplomatiyamızın zərgər dəqiqliyi ilə gördüyü işi və hətta bu fəndgir taktikasını ancaq ayaq üstə alqışlaya bilərəm. Bu taktika nəticəsində gurultulu adı ilə (Volter qətnaməsi) ermənilərin bütün diqqət və gücünü özünə cəlb edən qətnamənin kölgəsində zahirən nəzərə çarpmayan ad ilə, lakin faktiki olaraq bizə lazım olan bütün məsələləri əhatə edən sənədin qəbuluna nail olundu! Ermənilər tərəfindən “batırılmış” Volter qətnaməsi bütün zərbələri öz üzərinə götürdü və ermənilərin diqqətini uğurla qəbul edilən qətnamədən yayındırdı. Bu qətnamənin qəbulu Yerevanın birinci qətnamə ilə bağlı bütün canfəşanlığını heçə endirdi!

Yekun belədir: AŞPA Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi, həmçinin bu regionun Ermənistan tərəfindən işğal edildiyini tanımasını təsdiq etdi. Məhz işğal olunub, özü də Ermənistan tərəfindən. Bizə də elə bu lazım idi!

1news.az

Paylaş:
803

Son xəbərlər

Bütün xəbərlər