BMT baş katibinin Azərbaycana səfəri gözlənilir
Yanvarın 27-də Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (BMTSA) aprel ayında Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin 2-ci iclası keçirilib.
1news.az-ın məlumatına görə, Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Artıq Forumun loqotipi təsdiqlənib və veb-saytı (baku.unaoc.org) istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına dair iclasında sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də Forumun əhəmiyyətinə toxunub və tədbirin Bakıda keçirilməsini əsas gətirərək 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd olundu ki, ötən il oktyabrın 1-də BMT Baş Assambleyasının toplantıları çərçivəsində Bakı Forumunun təqdimatı keçirilib və Təşkilat Komitəsinin katibi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bu iclasda iştirak edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Foruma hazırlığın vəziyyəti barədə məlumat verib.
Nazir 50-dək ölkənin rəhbərlərinə dəvətnamələrin göndəriləcəyini bildirib. Qeyd edib ki, Forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulur. İki gün ərzində 40 tədbir keçiriləcək və bunun üçün lazımi şərait yaradılıb.
Forum çərçivəsində keçiriləcək bütün tədbirlərin yüksək səviyyədə işıqlandırılması üçün xüsusi media planının hazırlanacağını deyən nazir Ə.Qarayev bildirib ki, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Forumun rəsmi media tərəfdaşları olacaq.
Nazir qeyd edib ki, Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BTM-nin baş katibi Pan Gi Munun da iştirak etməsi gözlənilir.
Vurğulanıb ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq.
Sonra Forumun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə beynəlxalq tədbir barədə məlumat verib. “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi ilə keçiriləcək Forumla bağlı indiyədək təşkil edilmiş tədbirlər və Forumun proqramına dair slayd nümayiş olunub.
Bildirilib ki, tədbir iştirakçıları baku.unaoc.org saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Fevralın 20-də isə BMT nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, Forumun iclasları Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
İclas Foruma hazırlıq və təşkilati məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
1news.az