Erməni deputat AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqelərinə dəstək olaraq hesabatın qəbul olunmasına səs verib
Türkiyəni Avropa Şurasında təmsil edən deputat Markar Esanyan yanvarın 26-da AŞPA-nın qış sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqelərinə dəstək olaraq hesabatın qəbul olunması üçün səs verib, bu haqda erməni KİV-i məlumat yayıb.
Xatırladaq ki, AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentari Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb. Sənəd lehinə 66, əleyhinə 70 nəfər olmaqla keçməyib.
Lakin, Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan parlamentariMilitsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabat isə qəbul edilib. Hesabata dəyişiklik edildikdən sonra səsverməyə qoyulub. Ümumilikdə hesabata 21 dəyişiklik və yenilənmə edilib.
Təkliflərin çox hissəsi ermənilər tərəfindən gəlib. Erməni tərəfi sənədin öz xeyirlərinə dəyişdirilməsi üçün hesabatın yumşaldılması üçün dəyişikliklər edilməsinə cəhd edib.
Lakin, erməni tərəfindən irəli sürülən təkliflər qəbul edilməyib. Nümayəndə heyətinin üzvü Armen Rustamyan təklif edib ki, hesabat komitəyə göndərilsin, lakin bu təklif də qəbul edilməyib. Erməni tərəfinin hesabatın adının dəyişdirilməsilə bağlı təklifi də uğursuzluqla nəticələnib. Hesabat səsverməyə qoyularaq 98 lehinə, 71 əleyhinə olaraq qəbul edilib.
ATƏT-in Minsk qrupunun həmsdərləri Assambleya üzvlərinə daha əvvəl müraciət ünvanlamışdılar ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesini çətinləşdirəcək addımlar atmasınlar.
“Biz, parlamentarilərininAŞPA-da (Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində) maraqlarını qiymətləndiririk, lakin ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını pozan və ya danışıqlar prosesini çətinləşdirən addımlaratmamağa çağırırıq”, - həmsədrlərin cümə günü yaydıqları birgə bəyanatda bildirilir.
Cavab olaraq, Azərbaycan XİN-i yanvarın 24-də bildirib ki, Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesi ilə bağlı yaydıqları bəyanat əsassızdır.
1news.az