Azərbaycan səfiri Estoniya prezidenti ilə görüşüb – FOTO
Azərbaycanın Estoniyada yeni təyin olunmuş səfiri Murad Nəcəfbəyli Kadriorq Prezident Sarayında etimadnaməsini bu ölkənin Prezidenti Toomas Hendrik İlvesə təqdim edib.
1news.az-ın Azərbaycanın Estoniyadakı səfirliyindən bildiriblər ki, rəsmi hissədən sonra keçirilmiş görüşdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Estoniya dövlətinin başçısına çatdırıb.
O, Azərbaycan ilə Estoniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, səylərini bu əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə yönəldəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan səfiri Estoniya Prezidentini ölkəmizdəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətlə bağlı həqiqətlər və Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi nailiyyətlər barədə məlumatlandırıb.
Səfir M.Nəcəfbəyli Prezident Toomas Hendrik İlvesə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyini, ərazimizin 20 faizinin işğal olunduğunu, Ermənistanın münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları imitasiya etdiyini diqqətə çatdırıb.
Estoniya Prezidenti Azərbaycan ilə əməkdaşlıq səviyyəsindən məmnunluğunu qeyd edib, Azərbaycanın Estoniya üçün birmənalı dost ölkə olduğunu vurğulayıb. Prezident ölkələrimiz arasında dinamik tərəfdaşlığın gələcəkdə də bütün sahələrdə inkişafının davam edəcəyinə əminliyini bildirib.
Estoniya dövlətinin başçısı səfirə uğurlar diləyib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Səfir Azərbaycanın dost Estoniya ilə gələcəkdə də bütün sahələrdə əlaqələrinin inkişafı və möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib.
M.Nəcəfbəyli, həmçinin etimadnaməsinin surətini Estoniya Xarici İşlər Nazirliyinin rəhbərliyinə təqdim edib.
1news.az