Yaşar Aydəmirov: “Azərbaycanın sərəncamında olan hərbi texnika Ermənistandakından qat-qat üstündür”
Ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov Dağlıq Qarabağ münaqişəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı döyüşlərdə qaniçənliyi, amansızlığı ilə “şöhrət” tapmış “Kommandos” ləqəbli Ter-Tadevosyanın bu günlərdə erməni jurnalistləri qarşısında çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirib.
1news.az-ın məlumatına görə, Y.Aydəmirov AZƏRTAC-ın sorğusuna cavab olaraq deyib ki, hərbi məsələlərdən başı çıxmayan, yazı-pozu ilə məşğul olan jurnalist qardaşlarına bu “qəhrəman” “Azərbaycanın birtərəfli qaydada məhv ediləcəyi” barədə pafoslu, hədə-qorxu dolu fikirlərini çatdırıb. Onun sözlərinə görə, Ermənistanın və “Dağlıq Qarabağ” ermənilərinin sərəncamında guya “sınaqdan çıxmış texnika” və “3-4 neft-qaz platformasına tuşlanmış hansısa mifik raketlər mövcuddur”.
Gülüş doğuran və təəccübləndirən isə odur ki, bəyan etdiyi bu sayıqlamaları o, BMT Nizamnaməsinin 51-ci maddəsindəki “ölkəyə hücum olduğu təqdirdə özünümüdafiə hüququ” ilə pərdələməyə cəhd göstərir. Qeyd edək ki, yalnız təhdid olduğu halda deyil, birbaşa işğala məruz qaldığı halda da bu hüquqdan istifadə etməyə əsas var. Amma bu üzdəniraq, qəddarlığı ilə öyünən “keçmiş döyüşçü” dediklərindən eyforiyaya gələrək bütün məsələləri baş-ayaq çevirir. Hətta öz yalanlarına, uydurmalarına Ermənistan prezidentinin və müdafiə nazirinin guya bu haqda Azərbaycanı nə vaxtsa “xəbərdar” etmələri barədə mülahizələrini də əlavə edir.
Y.Aydəmirov bildirib: “Cənab Ter-Tadevosyan, nəyisə qarışdırmırsınız ki?! Çünki məhz siz təcavüzkar siyasət yeridib Azərbaycan torpaqlarını işğal etmisiniz, dinc əhalini qanına qəltan edərək bir milyondan artıq insanın doğma yurd-yuvasından didərgin düşməsinə səbəbkarsınız”.
Mən ağlını itirmiş erməni “sərkərdəsi” və sizə bənzər digər “strateqlər”lə heç bir polemikaya qoşulmadan sadəcə olaraq soruşmaq istəyirəm:
Xankəndidən ən yaxın platformayadək 300 kilometrdən artıq məsafə olduğu halda siz neft-qaz platformalarını necə və nə ilə məhv etməyə hazırlaşırsınız?! Siz heç olmasa, istifadənizdə olan raket sistemlərinin məsafə üzrə zərbə endirmə imkanlarını öyrənin və sonra danışın! Bu imkanlar R-300 kompleksində - maksimum 300 kilometr, sahə üzrə isə 100x100 metrdir. Sizin diqqətlə yoxladığınız texnikanın sırasında hədəfləri dəqiq məhv etmək imkanlarına malik olan bir dənə də olsun nümunə yoxdur!
Məgər Gürcüstandan keçən neft boru kəmərinin partladılması nəticəsində infrastruktura ciddi ziyan dəyə bilər?! Əgər fərz etsək ki, sizin “igid pəhləvan-diversantlar və yaxud yoxladığınız texnika” beton hasarla mühafizə olunan boru kəmərini sıradan çıxarmağa nail olsa belə, birincisi, neftin nəqlini dayandıran avtomatik sistem işə düşür. İkincisi isə bu cür qəzaların, nasazlıqların nəticələri xüsusi qüvvələr və vasitələrlə dərhal aradan qaldırılır.
Nəhayət, nəzərə almaq lazımdır ki, Azərbaycanın sərəncamında olan, sınaqdan çıxmış zərbə və məhvetmə vasitələri Ermənistandakından qat-qat üstündür. Onları yerinə oturtmaq, düşmənə sarsıdıcı zərbələr endirmək və sağalmaz yara vurmaq üçün həmin texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir. Bu zərbələrdən hətta sizin sevimli paytaxtınız - “ən gözəl” İrəvan şəhərinin də yayınması istisna deyil.
Əgər biz Dağlıq Qarabağ probleminə hələ də səbir, təmkinlə yanaşırıqsa, şübhəsiz ki, bu, öz qərarlarında beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT-nın münaqişəyə dair qətnamələrinin tələblərinə hörmətlə yanaşan Prezidentimizin alicənablığının, müdrikliyinin və xalqımızın sülhsevərliyinin nəticəsidir”.
1news.az