İsveç Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının yaxınlaşmasını təklif edir
İsveç tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini asanlaşdırmaq məqsədilə Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü təşkil etmək təşəbbüsünü irəli sürüb.
Bu təşəbbüslə İsveçin Azərbaycanda səfərdə olan XİN başçısı Marqot Vallstrem çıxış edib.
İlkin qeyri -formal görüşün hər iki tərəfin qadınları arasında keçirilməsi təklif olunub. Bunu birgə mətbuat konfransında Azərbaycan və İsveç XİN rəhbərləri Elmar Məmmədyarov və Marqot Vallstrem bildirib.
“Azərbaycan tərəfi bu təşəbbüsü dəstəkləyir”, - deyən E.Məmmədyarov qeyd edib ki, icmaların yaxınlaşması problemin tənzimlənməsində mühüm elementdir.
“Dağlıq Qarabağ məsələsinin tənzimlənmə azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtmasını nəzərdeə tutur. Ona görə də insanların yaxınlaşması ilə bağlı təşəbbüsləri dəstəkləyirik”, -nazir deyib.
Marqot Vallstrem də öz növbəsində bildirib ki, İsveç Ermənistan və Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi prosesində aktiv rol oynamağa hazırdır. O, qeyd edib ki, məsələnin hərbi yolla həllini görmür.
“Bu gün vasitəçilik mandatı ATƏT-in Minsk qrupundadır. Biz Mİnsk qrupu çərçivəsində danışıqların aktivləşməsini dəstəkləyirik. Geniş formatda Minsk qrupunun çağırılmasına ehtiyac olarsa, İsveçrə burada iştiraka hazırdır”, - deyə isveç XİN başçısı qeyd edib.
O, həmçinin bildirib ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütovlüyü prinsipinə, həmçinin, xalqların öz müqəddəratını həll etmə prinsipinə əsaslanmalıdır.
1news.az