Daniel Bayer:“Biz enerji, təhlükəsizlik və kommersiya məsələləri sahəsində əlaqələrimizin məhsuldar və dayanıqlı inkişafına nail olmuşuq”
“Amerika Birləşmiş Ştatları Yeni İpək Yolunun bir hissəsi kimi Azərbaycanın regional daşıma xidmətlərinin və digər infrastrukturun inkişafına yönəlmiş səylərini dəstəkləyir”.
1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın ATƏT yanındakı Daimi Nümayəndəliyinin rəhbəri Daniel Bayer ATƏT Daimi Şurasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında geniş əlaqələr mövcuddur: “ABŞ Azərbaycana demokratik, firavan, təhlükəsiz və suveren ölkə olmaq yolunda irəliləyiş əldə etmək üçün kömək etmək istəyir. Biz enerji, təhlükəsizlik və kommersiya məsələləri sahəsində əlaqələrimizin məhsuldar və dayanıqlı inkişafına nail olmuşuq. Azərbaycan təhsil, insan alverinə qarşı mübarizə və qadın haqları sahəsində vacib irəliləyişlər əldə edib. Azərbaycan həmçinin beynəlxalq sülhün qorunması, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və diversifikasiyası üçün vacib töhfələr verir”.
Səfir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanla yeni sahələrdə də işləməkdə maraqlıdır: “Azərbaycan Qafqazla Mərkəzi Asiya və ondan kənarda iqtisadi rabitənin qurulmasında, bu mövzuda ATƏT çərçivəsində dialoqun aparılmasında vacib rol oynaya bilər. Biz Azərbaycanda gömrük prosedurları sahəsində görülən islahatları alqışlayırıq və azərbaycanlı tərəfdaşlarımızla bu sektorda daha çox inkişafın əldə olunmasına təkan vermək üçün işləyirik. ABŞ həmçinin Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatı şaxələndirmək və iqtisadi inkişafa təkan vermək sahəsində atılan addımları qiymətləndirir. Son islahatlar rəqabətliliyi artıracaq, investisiyaları təşviq edəcək, kiçik və orta biznesin inkişafına təkan verəcək və özəl sektorla dialoqu gücləndirəcək”.
D. Bayer qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan hökuməti ilə həm ikitərəfli formatda, həm də ATƏT çərçivəsində işləmək prinsipinə sadiqdir.