Böyük Britaniya hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bəyan edib – FOTO
Fevralın 11-də Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modun həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.
İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda 473 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir:
"Ölkəmizdə həyata keçirilən layihələrdə Böyük Britaniya şirkətləri podratçı kimi də iştirak edirlər. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 23 milyard ABŞ dollarından çox investisiya qoyulub".
Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini qeyd edən Ş. Mustafayev bankçılıq, İKT, su təchizatı, turizm, səhiyyə sahələrində də əlaqələrin davam etdiyini bildirib.
Ş.Mustafayev bildirib ki, Hökumətlərarası Komissiya çərçivəsində Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər, Neft və Qaz üzrə birgə işçi qruplarının fəaliyyət göstərir və fevralın 10-11-də keçirilmiş iclaslarda və Təhsil Forumunda ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Nazir investisiya, turizm, İKT, enerji, ekologiya sahələrində əməkdaşlığın, Azərbaycanın qeyri-neft məhsullarının Böyük Britaniyaya ixracının, ölkəmizdə yaradılan sənaye parklarında və aqroparklarda Britaniya şirkətlərinin iştirakının, birgə biznes forum, sərgi və təqdimatların keçirilməsinin əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Fransis Mod ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında önəmli olacağını vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Ş. Mustafayev və F. Mod imzalayıblar.
İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin, Böyük Britaniyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.
1news.az