Azərbaycanın yeni səfiri BƏƏ-nin vitse-prezidenti və XİN rəhbəri ilə görüşüb
Bu gün səfir Daşqın Şikarov öz etimadnamələrini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri, Dubayın hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktuma təqdim edib.
Səfirlikdən 1news.az-a verilən məlumata görə, səfir D.Şikarov BƏƏ-yə təyinatından məmnun olduğunu bildirərək, fəaliyyəti müddətində Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinin daha da möhkəmləndirilməsində və inkişaf etdirilməsində əlindən gələni edəcəyini vəd edib.
Sonra səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyana və vitse-prezidenti, naş naziri, Dubayın hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktuma salamlarını və dost Birləşmiş Ərəb Əmirliklərinin xalqına firavanlıq və rifah ilə bağlı diləklərini çatdırıb, Azərbaycanın dost Ərəb Əmirlikləri ilə əməkdaşlığı bütün sahələrdə genişləndirmək niyyətində olduğunu bildirib.
Öz növbəsində, Birləşmiş Ərəb Əmirliklərinin vitse-Prezidenti, baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına və diləklərinə görə minnətdarlığını bildirib, Azərbaycanın dövlət başçısına Prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın və öz salamlarının çatdırılmasını xahiş edib və dost Azərbaycan xalqına səadət və rifah arzu edib.
Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktum, həmçinin səfirə yeni vəzifəsində uğurlar diləyərək, fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafında öz adından və başçılıq etdiyi federal hökumətin adından dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Etimadnamələrin təqdimat mərasimindən dərhal sonra səfir D.Şikarov mərasimdə iştirak edən BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
Səfir D.Şikarov Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Şeyx Abdullah bin Zayed Əl Nəhyana salamlarını çatdıraraq, məhz dost ölkəyə təyinat almasından qürur hissi duyduğunu vurğulayıb, ölkələrimiz arasında mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün bütün səylə çalışacağını qeyd edib.
Xarici işlər naziri öz azərbaycanlı həmkarının salamlarına görə təşəkkürünü bildirərək, ona salamlarını çatdırmağı xahiş edib. O, Səfir D.Şikarova uğurlar arzu edərək, dost Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu nəzərə çatdırıb.
1news.az