X.Xələfov: “Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlığı dərinləşdirmək üçün geniş potensial var”
Cari ilin 11 fevral tarixində London şəhərində Azərbaycan və Böyük Britaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
1news.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, siyasi məsləhətləşmələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya nümayəndə heyətinə isə Avropa məsələləri üzrə dövlət naziri Deyvid Lidinqton başçılıq edib.
Siyasi məslələtləşmələrdə Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, Azərbaycan-Böyük Britanya Birgə Hökumətlərarası Komissiyasının 11 fevral tarixində London şəhərində keçirilmiş ilk iclasının ölkələrimiz arasında qeyri-enerji sahələri başda olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini X.Xələfov ilk dəfə bu formatda keçirilən siyasi məsləhətləşmələrin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu və bu formatın ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsinə imkan yaratdığını bildirib. İki ölkə arasında yüksək səviyyəli siyasi təmasların, xüsusilə də Böyük Britaniyadan Azərbaycana yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli əməkdaşlığı dərinləşdirmək baxımından vacibliyini diqqətə çatdırıb. Nazir müavini X.Xələfov humanitar və mədəni sahələrdə əməkdaşlığın mövcud səviyyəsinin qənaətbəxş olduğunu və bu sahələrdə əməkdaşlığı dərinləşdirmək istiqamətində geniş potensialın olduğunu nəzərə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunan X.Xələfov, Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə əlaqədar mövqeyini yüksək qiymətləndirib. Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərin qarşısının alınması istiqamətində Böyük Britaniya tərəfindən müvafiq addımların atılmasının zəruriliyini vurğulayıb.
Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri D.Lidinqton Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd etmiş və dinamik inkişaf edən ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından geniş potensialın olduğunu nəzərə çatdırıb. Böyük Britaniyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla ərazi bütövlüyünə dəstəyinin bundan sonra da qətiyyətli şəkildə davam edəcəyini qeyd edən D.Lidinqton, ölkəsinin qondarma separatçı rejimi tanımadığını və bu rejimlə rəsmi səviyyədə hər hansı təmasının olmadığını ifadə edib.
D.Lidinqton həmçinin Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfəni, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müsbət fəaliyyətini yüksək qiymətləndirmiş və Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Siyasi məsləhələşmələr çərçivəsində həmçinin Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionunda cərəyan edən geosiyasi proseslər, Yaxın Şərq, xüsusilə də Suriyada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
1news.az