Avstriya ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Dövlət Miqrasiya Xidmətində (DMX) Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüş keçirilib.
1news.az-ın DMX-yə istinadən verdiyi xəbərə görə, görüşdə Avstriya və Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycanla Avstriya arasında dostluq münasibətlərindən danışıb. Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunmuş nailiyyətlərin, sosial-iqtisadi tərəqqinin, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi nəticəsində respublikamızın miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrildiyini diqqətə çatdırıb.
F.Nəbiyev Avropanın miqrant böhranı ilə üzləşdiyi bir vaxtda ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi və idarə edilməsi sahəsində mütərəqqi bir model yaradıldığını konkret faktlarla diqqətə çatdırıb. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. O, Ermənistanın təcavüzkar siyasətini hazırda davam etdirdiyini bildirib və Azərbaycan hökumətinin hələ də qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işləri diqqətə çatdırıb.
Sonra Xidmət rəisi ölkəmizdə miqrasiya ilə bağlı müvafiq prosedurlar barədə söhbət açıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən bəhs edib. Bildirilib ki, bütün bu sadalananlar respublikamıza səfərə gələn əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan dövlətinin diqqət və qayğısının nümunəsidir.
F.Nəbiyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına ötən il bütün mənbələrdən 20 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyardı xarici sərmayə olub. Bu da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır.
Səfir A.Vex Azərbaycanın sürətli inkişafından, abadlıq-quruculuq işlərindən məmnunluqla söhbət açıb, təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib. Diplomat ölkəsi ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq imkanlarına toxunub.
Görüşdə respublikamızda fəaliyyət göstərən Avstriya şirkətləri və iş adamlarının Azərbaycanın miqrasiya qanunvericiliyinə aid olan məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular barədə fikir mübadiləsi aparılıb.
1news.az