Tacikistanda Xocalı soyqırımı ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb – FOTO
Azərbaycan Respublikasının Tacikistandakı səfirliyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anma mərasimi keçirilib.
Səfirlikdən 1news.az-a verilən məlumata görə, tədbirdə Tacikistan Respublikası Ali Məclisinin deputatları, Tacikistanın dövlət və hökumət nümayəndələri, həmçinin, elm, mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin rəhbərləri, bununla yanaşı, Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspora və KİV nümayəndələri iştirak ediblər.
Səfirliyin foyesində Xocalı soyqırımı hadisələrini əks etdirən şəkillərdən ibarət fotostendlər qurulub, azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış pres-relizlər, soyqırımla bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunan bukletlər, kitabçalar və digər təbliğat materialları nümayiş etdirilərək paylanılıb.
Xocalı faciəsi hadisələrində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı faciəsinin mahiyyətini açıqlayan ingilis və rus dillərində filmlər nümayiş etdirilib.
Səfir Abbasəli Həsənov Xocalı Soyqırımının səbəbləri və vəhşilikləri haqqında iştirakçılara ətraflı məlumat verib:
“Əgər M.Qarbaçavun anası onu dünyaya gətirməsəydi, 1988-ci ilin fevral ayında Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, həmin il Ermənistandan 270 min azərbaycanlının qovulması, 1990-cı ilin 20 yanvar faciəsi, 1992-cil fevral ayındakı “Xocalı soyqırımı”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 % torpaqlarının Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, 10 minlərlə azərbaycanlının həlak olması, ümumiyyətlə götürdükdə post sovet məkanında 197 xırda və böyük münaqişənin və saysız-hesabsız insan fəlakətinin baş verməsi olmaya bilərdi”.
Tacikistanın xalq şairi, Tacikistan milli himninin müəllifi Gulnazar Keldi, Xarici Ölkələrlə Mədəni Əlaqələr və Dostluq Cəmiyyətinin sədr müavini Şaripova Muşarraf Vahidovna, Tacikistan Milli Universitenin fəlsəfə kafedrasının müdiri Amiddin Şaripov, Tacikistanda yaşayan diaspora nümayəndələri çıxışlarında Xocalı soyqırımının dəhşətlərindən danışıblar, hadisəni törədən erməni qəsbkarlarına öz nifrət və narazılıqlarını ifadə ediblər.
Daha sonra, səfir A.Həsənov Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə jurnalistlər arasında keçirilmiş müsabiqənin nəticələrini elan edib, qaliblər, eləcə də müsabiqənin bütün iştirakçılarına diplomlar və hədiyyələr təqdim edilib.
1-ci yerin qalibi Sayfiddin Sunnati – («Вахшонияте, ки бо ягон чиз сафед намешавад», “Dunyo” qəzeti, №4, (615), 19-25.01.2016; “Фочиаи Ходжали фаромуш намешавад», «Чархи Гардун» qəzeti, №5, (1013), 27.01.2016), 2-ci yerin qalibi Mehribon Salimşoev – («Генотсиди кучак дар Каробоги бузург», «SSRİ» qəzeti, №4, (385), 21.01.2016) və 3-cü yerin qalibi Джамоладдин Якубов – («Генотсиди Ходжалы – фоджиаи Асри XX», «Инсон ва табиат» qəzeti, №3, (23), fevral 2016) diplomlar və qiymətli hədiyyələr qazanıblar.
Müsabiqədə 14 müəllifin tacik və rus dillərində yazdıqları 13 məqaləsi iştirak edib.
Tədbirin sonunda Xocalı qurbanlarının xatirəsinə ehsan süfrəsi verildi və şəhidlərin ruhuna dualar oxunub.
1news.az