Viktor Zubkov IV Qlobal Bakı Forumunda iştirak edəcək
Martın 10-11-də Bakı şəhərində keçiriləcək IV Qlobal Bakı Forumunda 2007-2008-ci illərdə Rusiya Federasiyası baş nazirinin səlahiyyətlərini icra etmiş Viktor Zubkov da iştirak edəcək.
1news.az-ın məlumatına görə, “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Viktor Zubkov 2001-2004-cü illərdə Rusiya Federasiyası Maliyyə nazirinin birinci müavini, 2004-2007-ci illərdə Rusiyanın Maliyyə Nəzarəti Xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, 2007-2008-ci illərdə Rusiya Baş nazirinin səlahiyyətlərini icra edib, 2008-2012-ci illərdə baş nazirin birinci müavini olub.
V.Zubkov 2014-cü ildən etibarən Rusiya Prezidentinin Qaz İxrac edən Ölkələrlə Əməkdaşlıq Forumu üzrə xüsusi nümayəndəsidir.
1news.az