Ankarada Xocalı soyqırımı qurbanları yad edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ankarada Xocalı soyqırımı qurbanları yad edilib – FOTO

22:59 - 25 / 02 / 2016
Ankarada Xocalı soyqırımı qurbanları yad edilib – FOTO

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə və Muzey Kompleksində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı xatirə tədbiri keçirilib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, tədbirdə, Səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbə və kursantlarımız, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı çox sayda KİV nümayəndələri və çox sayda Qızılcahamam rayon sakinləri iştirak ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb.

İlk olaraq Türkiyə Respublikası baş nazirinin müavinləri Lütfi Elvan və Numan Kurtulmuşun tədbirə ünvanladıqları mesajlar oxunub. Mesajlarda, Xocalı soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunub.

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Qızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Güney, tələbə və kursant nümayəndələrimiz çıxışlarında Xocalı soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs ediblər, bir daha bu kimi cinayətlərin törədilməməsi üçün atılması zəruri olan addımlarla bağlı əsaslı tezislər irəli sürüblər.

Səfir F.Bağırov çıxışı zamanı Xocalı Abidə Muzey Kompleksinin Azərbaycan və Türkiyənin birgə yaddaşını nümayiş etdirdiyini qeyd edərək, Xocalıda törədilmiş soyqırımın yaddaşlarda daimi olaraq qalması naminə tarix şüurunun həmişə yaşadılmasının zəruri olduğunu vurğulayıb.

Mərasim zamanı şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunub.

Tədbir iştirakçılarına Xocalı Soyqırımı ilə bağlı çox sayda təbliğat xarakterli materiallar təqdim olunub.

1news.az

 

 

Paylaş:
679

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər