Cəbhə bölgəsində ermənilərin dağıtdığı evlərin bərpasına 2,6 milyon manat əlavə vəsait tələb olunur
“2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evinin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb”.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.
Onun sözlərinə görə, ikinci mərhələyə qalan 78 ev cəbhə xəttinin 3-4 kilometrliyində olduğuna görə əksər hissəsi dağıdılıb və evlərin həmin ərazidə və ya başqa yerdə yenidən tikilməsi üçün 2,6 milyon manat əlavə vəsait tələb olunur.
1news.az