Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova muzeyin "köhnəlməməsi" üçün nə lazım olmasından bəhs edir – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova muzeyin "köhnəlməməsi" üçün nə lazım olmasından bəhs edir – FOTO

17:12 - 14 / 10 / 2016
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova muzeyin "köhnəlməməsi" üçün nə lazım olmasından bəhs edir – FOTO

Təəssüf ki, bəzi vətəndaşlarımız muzeylərə getməyi artıq dövrü keçmiş məşğuliyyət kimi qəbul edir. Çünki onların fikrincə, bu müəssisələr bizə artıq çoxdan yox olmuş keçmişi nümayiş etdirir.

Bununla əlaqədar olaraq, muzeylərin administrasiyası tarixin bu müqəddəs qorunma yerlərinə aktuallıq qazandırmaq üçün tamaşaçıları muzeylərə cəlb etməyə yönəlmiş çoxsaylı metodlardan istifadə edir.

Bu cür metodlar sırasında qədim eksponatların müasir tərzdə təqdim edilməsi, ən yeni texnologiyalardan istifadə edilməsi, müxtəlif yaş kateqoriyalarına aid tamaşaçıların marağına səbəb ola biləcək tədbirlərin təşkil edilməsi və əlbəttə ki, muzeyin fəaliyyətinin sosial şəbəkələrdə işıqlandırılmasını qeyd etmək olar.

Biz bu mövzuda Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova ilə söhbət etdik.

-Şirin xanım, siz Xalça Muzeyinin direktoru vəzifəsinə bir müddət əvvəl təyin edilmisiniz. Bu vaxt ərzində həyata keçirdiyiniz dəyişikliklərdən danışa bilərsinizmi?

- Bu məsul vəzifəyə mən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin 2 mart 2016-cı il tarixli əmri ilə təyin edilmişəm. İşə böyük kollektivlə tanış olmaq, hər bir şöbənin iş xüsusiyyətlərinə bələd olmaqla başladım. Tədricən muzey qarşısında duran vəzifələri müəyyən etməyə, qoyulmuş məsələlərin həllində prioritetləri sıralamağa nail oldum.

Muzeyin növbəti beş il ərzində inkişaf strategiyası müəyyən edildi və bir illik iş planı hazırlanaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırıldı. Bu plana uyğun olaraq, hər bir şöbənin qarşısında dəqiq vəzifələr qoyulub. Kollektivin ahəngdar işi və ixtisaslı kadrlar sayəsində fəaliyyət eyni zamanda bir neçə istiqamətdə aparılır.

İlk növbədə, tətbiqi-dekorativ sənət nümunələrinin qorunub-saxlanması və sərgilənməsi sahəsində qiymətli təcrübədən faydalanmaq və nailiyyətlərimizi paylaşmaq məqsədilə dünyanın qabaqcıl muzeyləri ilə beynəlxalq əlaqələri genişləndirilir.

Artıq eksponatların əvəz edilməsi prosesinə başlanmışdır, muzeyin ekspozisiyası dəyişdirilir – biz xovlu xalça növlərindən, tikmələrdən və milli geyimlərdən başlamışıq. Gələcəkdə xovsuz xalça və xalça məmulatları ekspozisiyasını dəyişəcəyik.

Muzeyin kolleksiyalarının populyarlaşdırılması məqsədilə biz kataloqların nəşri üzrə layihəyə start vermişik. Artıq "Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı" adlı kataloq nəşr edilmiş və onun təqdimatı Şuşanın işğal edildiyi günə – 8 may tarixinə salınmışdır. Bundan başqa, zərgərlik fonduna həsr olunmuş kataloq və muzey haqqında buklet də çapa hazırlanır. 2017-ci il yubiley ilidir. Bu il Azərbaycan Xalça Muzeyinin təsis edilməsinin 50 ili tamam olur. Həmin tarixə muzeyin tarixi haqqında kitab buraxmaq da planlaşdırılır.  

Hazırda muzeyin saytının yenilənməsi üzrə işlər aparılır. Yeni saytda muzeyin tarixi və kolleksiyaların tərkibi haqqında bütün məlumatlar, hər bir fond və ən qiymətli eksponatlar, muzeyin fəaliyyətinin elmi, təhsil və sərgiləmə kimi müxtəlif tərəfləri haqqında məlumatlar əks etdiriləcəkdir. Sayt üç dildə – Azərbaycan, rus və ingilis dillərində aparılacaqdır.

10 mindən çox məmulatdan ibarət kolleksiyanın rəqəmsallaşdırılması prosesi də mərhələ-mərhələ həyata keçirilir.

Azərbaycan Xalça Muzeyi dünyada bu kimi ilk ixtisaslaşmış müəssisə olmaqla, demək olar ki, 50 illik tarixi ərzində dəfələrlə beynəlxalq simpoziumlara və konfranslara ev sahibliyi etmişdir. 

Muzey həm də fəal sərgi fəaliyyətini həyata keçirir. Bu ilin iyununda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və Yunus Əmrə İnstitutu ilə birgə Xalça Muzeyində türk xalqlarının "Türk dünyasının ümumi dili – naxışlar" adlı Birinci Beynəlxalq Simpoziumu keçirilmişdir. Bu simpozium böyük əhəmiyyətə malik idi: türk ölkələrinin nümayəndələri xalça və xalça naxışları mövzusu ətrafında toplanmışdılar. Bu naxışların ortaqlığında bizim xalqların minillik əlaqələri, ümumi mədəni, əqli, mənəvi kökləri aşkara çıxır. Simpoziuma Azərbaycandan, Türkiyədən, Özbəkistandan, Qırğızıstandan və Qazaxıstandan xalçaları öyrənən görkəmli alimlər dəvət edilmişdilər. Simpoziumun bütün iştirakçıları üçün xalça yalnız bir sənət əsəri deyildi, o həm də türk xalqlarının mənəvi və maddi mədəniyyət abidəsi idi. Simpoziumun təşkilatçıları dostluğumuzun rəmzi olacaq və xalqlarımızı birləşdirəcək xalça yaratmağa qərar verdilər. Xalçanın eskizi muzeyin baş rəssamı Taryer Bəşirova məxsusdur. Xalça artıq muzeyin əməkdaşları – məharətli xalçaçılar tərəfindən toxunmuşdur. Ümid edirik ki, yaxın zamanda xalça geniş ictimaiyyətə təqdim ediləcəkdir. 

Bu ilin sonuna kimi muzeydə daha iki böyük beynəlxalq layihənin həyata keçirilməsi planlaşdırılmışdır. Oktyabrda biz Belqradın Etnoqrafiya Muzeyi kolleksiyasından "Pirot kilimləri" adlı sərgi açacağıq. Noyabr ayında görkəmli Azərbaycan alimi, xalça rəssamı Lətif Kərimovun anadan olmasının 110 illiyinin Ümumrusiya Xalq və Dekorativ Tətbiqi Sənəti Muzeyi ilə birgə qeyd olunması çərçivəsində,  MDB ölkələrindən xalçaçı alimlərin iştirakı ilə seminarın keçirilməsi planlaşdırılır. Bu məqsədlə sərginin təşkil edilməsi, Xalça Muzeyi  kolleksiyasından Lətif Kərimovun xalçalarının eskizləri və təsvirlərindən ibarət kitabın nəşr olunması nəzərdə tutulur.

Muzeyimizdə gözəl sərgi zonası – peşəkar işıqlandırma, asma sistemi olan müvəqqəti sərgilər zalı yaradılmışdır. Burda biz artıq bir neçə sərgi açmışıq və maraqlı kurator layihələrinin keçirilməsini də planlaşdırırıq.

Böyük və əhəmiyyətli layihələrdən biri də restavrasiya mərkəzinin yaradılmasıdır. Biz artıq bu sahədə çalışmağa başlamışıq. Yaxın aylarda Almaniya, İtaliya və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə ustad dərslərinin keçirilməsini nəzərdə tuturuq. Muzeyin daxilində mərkəzin təşkili üçün  bütün imkanlar mövcuddur. Biz, muzeyin böyük və misilsiz kolleksiyasını gələcək nəsillər üçün lazımi səviyyədə qoruyub saxlaya biləcək peşəkar bərpaçılar komandası yetişdirməliyik.

- Ələddinin sehrli xalçasını xatırladan, qeyri-adi memarlıq formasına malik muzeyiniz elə uzaqdan diqqəti özünə cəlb edir. Estetik görünüşdən başqa, binanın funksionallığı barədə nə deyə bilərsiniz?

- Xalça muzeyi 1967-ci ildə Azərbaycanın Xalq Rəssamı Lətif Kərimovun təşəbbüsü ilə təsis edilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə muzeyin fondlarının artırılması üçün vəsait ayrılmış və muzeyin ilk sərgisi 1972-ci ildə İçərişəhərdə, Cümə məscidində təqdim edilmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalça muzeyi  Muzey Mərkəzində yerləşdirildi. Muzeyin sahib olduğu zəngin xalça kolleksiyasını lazımi səviyyədə və tam həcmdə dünyaya nümayiş etdirmək məqsədilə, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə muzey üçün ayrıca binanın inşa edilməsi haqqında qərar qəbul edildi.

15 May 2008-ci ildə Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirildi, 26 avqust 2014-cü ildə isə muzeyin rəsmi açılışı baş tutdu. Avstriya memarı Franz Yanzın layihələndirdiyi muzey binası özü-özlüyündə bir sənət obyektidir və nadir memarlıq həlli ilə diqqəti cəlb edir. Binanın təkcə eksteryeri deyil, daxili həlli də olduqca orijinaldır. Bu, qarşılıqlı əlaqədə olan vahid bir orqanizmdir: bütün ekspozisiya mərtəbələri müxtəlif müşahidə nöqtələrindən seyr edilə bilir, bütün görünən məkan möhtəşəm xalçalarla əhatələnmişdir. Bu isə bura gələn hər kəsin heyranlığına səbəb olur. Ziyarətçi xalçaların sehrli aləminə düşür.

Heç bir şey diqqətinizi eksponatları seyr etməkdən yayındırmır, lakin kompozisiyaların bütün müxtəlifliyini, şah əsərlərin ornamental zənginliyini bir baxışla tam qavramaq mümkün deyil. Zallarda işıq azaldılmış, işıqlandırma eksponata yönəldilmişdir. Bu, naxışların daha intensiv görünməsinə səbəb olur. Sanki rənglər misilsiz çalarlarla sayrışır. Burda Şərqin özünəməxsus estetikasını hiss edərək, meditasiya edərək və nəfis təmtəraq ab-havasına dalaraq saatlarla qalmaq olar. Ekspozisiya sahəsinin 250 kvadrat metrdən ibarət olması kolleksiyanın böyük hissəsini nümayiş etdirməyə şərait yaradır.

18 may Beynəlxalq Muzeylər Günündə biz zərgərlik fondunun açılışını etdik. Əvvəllər muzeyin zinət əşyalarının zəngin və çeşidli kolleksiyasını bu miqyasda göstərmək imkanı yox idi. Fond ziyarətçilər üçün həftədə üç dəfə açılır. Birincisi, fondun saxlandığı yerə daxil olmağa imkan verir (Bakıda bu təcrübə yalnız bizdə mövcuddur), ikincisi, siz  tunc dövründən XX əsrin ortalarına qədərki dövrün zərgərlik sənətinə dair əşyalardan ibarət gözəl ekspozisiyanı seyr edə bilərsiniz.

- Xalça muzeyinin əsas fərqli cəhəti milli sərvətimiz olan xalça məmulatlarının müasir tərzdə təqdim edilməsidir.  Qədimlik və müasirlik sizin ekspozisiyada birgə necə mövcud ola bilir, ekspozisiyanızda ən yeni texnologiyalara   hansı yer ayrılır və bu ziyarətçilər tərəfindən marağın artmasına necə təsir göstərir, bunlar haqqında danışa bilərsinizmi?

- Mən bu suala qismən cavab vermişəm. Ekspozisiya eksponatların sayı, müxtəlifliyi və informasiya tutumu baxımından çox dolğundur. Məsələn, toxuculuğun təkamül mərhələlərindən bəhs edən sərginin birinci mərtəbəsində xovsuz toxuculuq texnikasının bütün inkişaf mərhələləri video və animasiya çarxları vasitəsilə nümayiş etdirilir.

Eksplikasiyalar, multimedia faylları, proyeksiyalar – bütün bunlar xalçaçılığın texniki nüanslarını anlamağa, sənətin inkişaf tarixi haqqında məlumat almağa, ənənələri və folkloru öyrənməyə, ölkəmizin layiqli vətəndaşı, xalçaçı alim və rəssam Lətif Kərimovun işləyib hazırladığı Azərbaycan xalça sənətinin elmi təsnifatı ilə tanış olmağa yardım edir.

Materialın təqdim edilməsi çox səviyyəlidir və ziyarətçilərin sahib olduğu vaxtdan və onların öyrənmə arzusundan asılıdır. Bəziləri yalnız çox sayda fotoşəkil çəkərək eksponatları seyr etməklə kifayətlənir, başqaları eksplikasiyaları və hər bir eksponata izahatı oxuyur, digərləri isə multimedia proqramları ilə maraqlanır. 

Əslində, bütün eksponatları diqqətlə nəzərdən keçirmək, eksplikasiyaları oxumaq və multimedia layihələrinə baxmaq üçün bir gün kifayət etmir. Elə ziyarətçilərimiz var ki, dəfələrlə bura gəlir, uzun illər ərzində diqqət və səbirlə topladığımız dekorativ-tətbiqi sənətin müxtəlif növlərinə dair  kitablar, jurnallar, dövri nəşrlərdən ibarət kitabxanamızda materiallarla işləyir.

Biz kitabxanamızın fondlarını artırmağa davam edir, nadir nəşrlərə abunə oluruq. Odur ki, tətbiqi sənətin müxtəlif sahələrini öyrənən hər kəsi və eləcə də sadə oxucuları oxu zalı ekspozisiya mərtəbəsində yerləşən kitabxanamızı ziyarət etməyə dəvət edirik. Yeri gəlmişkən, sentyabr ayından etibarən biz sizə sərgini, kitabxananı, mühazirə zalını, müvəqqəti sərgilər zalını dəfələrlə ziyarət etmək, sərgilərin açılışında iştirak etmək  imkanı təqdim edən və bir çox başqa fürsətlər yaradan aylıq abunə kartı almağı təklif edirik.

- Diqqət yetirmişəm ki, sizin muzeydə Faiq Əhmədin "transformasiya edilmiş" xalçaları, Namiq Səfixanovun nanotexnoloji şüşə hazırlama üsulu ilə yerinə yetirilmiş əsəri kimi müasir müəlliflərin də işləri sərgilənir. Bu işlər haqqında danışa bilərsinizmi, ənənəvi ekspozisiyanı belə yeniliklərlə müasirləşdirmək nə dərəcədə vacibdir?

- Muzeydə Faiq Əhmədin şəxsi sərgisi keçirilmişdi, lakin təəssüf ki, daimi ekspozisiyamızda onun işləri yoxdur. Biz yaradıcı gənclərlə əməkdaşlıq etməyi və onlara xalça mövzusunda olan işlərini muzeyimizdə sərgiləmək imkanı verməyi planlaşdırırıq. Artıq müvafiq layihə işlənib hazırlanmışdır və mən ümid edirəm ki, yaxın gələcəkdə biz ziyarətçilərimizi müasir rəssam və heykəltəraşların maraqlı, kreativ işləri ilə sevindirəcəyik.

- Siz muzeydə arzu edən hər kəsin muzeyə gələ və ekspozisiya ilə pulsuz tanış ola biləcəyi "Muzeydə gecə" tədbiri təşkil edirsiniz. Bu yaxınlarda isə muzeydə kifayət qədər dolğun və maraqlı proqram təqdim edilən "Ailə festivalı" keçirildi.

Belə tədbirlər ziyarətçilərin muzeyinizə cəlb edilməsinə nə dərəcədə yardım edir, bu istiqamətdə işə davam etməyi planlaşdırırsınızmı?

-  25-26 iyun tarixlərində uğurla keçən "Ailə Festivalı" muzeyin yalnız qədim əşyaların saxlandığı və sərgiləndiyi bir yer olmadığından, həm də qarşılıqlı fəaliyyət, yaradıcı potensialın aşkar edilməsi, müxtəlif yaş kateqoriyalarına və sosial qruplara daxil olan insanların maraqlı asudə vaxt keçirməsi üçün gözəl bir məkan olduğundan bir daha əmin olmağımıza imkan yaratdı. 

Festivalın iştirakçıları yalnız uşaqlı ailələrdən ibarət deyildi. Burda həm də uşaq evlərindən gələn, eləcə də talassemiya xəstəliyi olan uşaqlar da var idi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, festivalın kuratoru Əsli Səmədovaya, eləcə də dəvətimizə qoşularaq ustad dərslərini keçirən hər bir kəsə təşəkkürümü bildirirəm. Festival proqramının böyük hissəsi artıq 7 il ərzində uğurla fəaliyyət göstərən və müxtəlif yaşlı uşaqlar üçün təhsil proqramları ilə məşğul olan Uşaq muzeyimizin seminarlarından ibarət idi.

Ayın hər son şənbə günü muzeydə Uşaq muzeyi proqramı bazasında Ailə günü keçirilir. Ailə günündə təklif etdiyimiz müxtəlif proqramlar haqqında daha ətraflı məlumat saytımızda və Facebook səhifəmizdə yerləşdirilir. Biz hər ay yeni maraqlı ustad dərsləri fikirləşib tapır, yazıçılarımızı nağıl oxumaq üçün dəvət edir, maarifləndirici ekskursiyalar, leksiyalar keçiririk. Biz muzeyə müxtəlif yaşlı insanları cəlb etməyə çalışırıq. Sentyabr ayından etibarən muzeydə mühazirə zalı fəaliyyətə başlamış, "Bir eksponatın tarixi" adlı layihəyə start verilmişdir. Çoxlu başqa fikirlərimiz də var. Bizi internet məkanında izləyin.

- Müasir dünyada elə bir sahə yoxdur ki, ora yüksək texnologiyalar və internet nüfuz etməsin. Eyni zamanda da sosial şəbəkələrin inkişafı sayəsində potensial və artıq mövcud olan auditoriya ilə qarşılıqlı fəaliyyət göstərmək üçün yeni imkanlar açılır.

Xalça muzeyi fəaliyyətində belə imkanlardan necə istifadə edir? Bununla bağlı hər hansı planınız varmı?

- Tamamilə doğrudur, virtual yaşayış mühitinin üstünlük təşkil etdiyi informasiya dövründə məhz sosial şəbəkələr informasiya yaymaq funksiyasını üzərinə götürür.

Muzeyimizdə ayrıca bir şöbənin əməkdaşları muzeydə baş verən hadisələr haqqında informasiyanı İnternetdə yerləşdirməklə məşğuldur.   Çap reklamı bu gün artıq virtual reklam qədər aktual deyil. Bu, muzeyin auditoriya ilə işində  yeni yanaşmadır. Bu yanaşma yeni ziyarətçiləri cəlb etmək imkanlarını genişləndirir, muzeyin dostları və bizi tez-tez ziyarət edən qonaqlarımızla əlaqə saxlamağa yardım edir.

İnternet məkanında məskən salmaqla, muzey kolleksiyasını populyarlaşdıra, fəaliyyətindən bəhs edə, hədəf auditoriyasını tapa bilər. Bununla muzey işçiləri və cəmiyyət arasında kommunikasiya prosesi üçün baza yaradılır. 

Muzeyin həyatı ilə maraqlanan virtual məkandakı auditoriya kifayət qədər müxtəlifdir. Sosial şəbəkələrdəki monitorinqlər muzeyin fəaliyyətinin güclü və zəif cəhətlərini anlamağa, ziyarətçilərin maraqlarını müəyyən etməyə, onun ehtiyaclarını aşkar etməyə imkan yaradır. Biz sosial şəbəkələr vasitəsilə göndərilən məlumatlara diqqət yetirir, tənqidə reaksiya verir və müsbət rəylərə sevinirik.  Biz üç dildə – Azərbaycan, rus və ingilis dillərində məlumat yerləşdirməklə daha geniş auditoriyanı cəlb etməyi, yeni layihələrin, sərgilərin hazırlanması zamanı insanların maraqlarını nəzərə almaq üçün potensial auditoriya ilə daha sıx təmas qurmağı planlaşdırırıq.

- Muzeyiniz sosial şəbəkələrdə nə dərəcədə fəaldır?

- Dediyim kimi sosial şəbəkələrlə iş muzeyin populyarlaşdırılması və müxtəlif kateqoriyalı auditoriyanın cəlb edilməsi üçün çox vacibdir. Muzey Facebook-da təmsil edilir və onun Instagram səhifəsi var.

Fəallıq məlumatın daima yenilənməsində ifadə edilir. Kolleksiyaların populyarlaşdırılması məqsədilə biz eksponatların fotoşəkillərini müşayiətedici məlumatla birlikdə yerləşdirməyə başlamışıq. Lakin biz izləyicilərimizlə daha çox və sıx işləməli, onların sayını artırmalıyıq ki, məlumat sadəcə "internetin sonsuz genişliyinə" göndərilməsin, həm də öz ünvan sahibini tapsın və əks-əlaqə yaransın.

- Muzeyiniz auditoriyanın cəlb edilməsinin müasir üsullarından istifadə edilməsinə dair dünya təcrübəsini öyrənirmi? Belə yeniliklər öyrənilibsə, onlar haqqında daha ətraflı danışa bilərsinizmi?

- Əlbəttə, dünya təcrübəsi öyrənilir. Virtual dünyada muzeylər müxtəlif media-platformalarda təqdim edilir: bunlara saytlar, Facebook-da qruplar, Twitter, Vkontakte və s. aiddir. Bəziləri spesifik peşəkar məsələlərlə maraqlanan insanları toplayaraq, bu və ya digər muzeyin, kolleksiyaların, ayrı-ayrı sənət əsərlərinin təbliğinə yönəlmiş genişmiqyaslı layihələr həyata keçirərək bloq sahəsində kifayət qədər uğurlu fəaliyyət göstərir, səhifələr aparır.

Biz total qloballaşma dövründə yaşayırıq və bu mədəniyyət sahəsi də daxil olmaqla bütün sahələrə təmas etmişdir. Bu gün muzeylər artıq yalnız dar sənətsevərlər dairəsi üçün əlçatan olan şah əsərlərin saxlanma yeri kimi qəbul edilmir. Muzeylər auditoriyaları ilə interaktiv ünsiyyət formasına getdikcə daha çox keçirlər.

Bu gün Müasir İncəsənət Muzeyinin, Luvrun, London Milli Qalereyasının, Viktoriya və Albert muzeyinin, Ermitajın və başqa muzeylərin bir çox eksponatını saytlarda görmək olar, virtual turların köməyi ilə muzey zallarında dolaşmaq, istənilən növ məlumatı əldə etmək mümkündür. Kolleksiyalar artıq qırx qapı arxasında gizlədilmir, onların bir çoxu rəqəmsallaşdırılır və daha çox sayda insan üçün əlçatan olur.

Facebook səhifələrində və digər qruplarda bəyənmə işarələri qoyulur və onların sayına görə bu və ya başqa muzeyin və ya  ayrıca bir eksponatın populyarlığı müəyyən edilir. İnsanlar çox vaxt muzeyə incəsənət əsərlərindən zövq almaq və müxtəlif tarixi dövrlərə dalmaq üçün gəlmir. Onlar  sadəcə olaraq zallara göz gəzdirmək, populyar eksponatların fonunda selfi çəkmək və Instagram-da paylaşmaq üçün də gəlirlər. Bu reallıqdır və biz, muzey işçiləri eksponatlarımıza olan istənilən maraq formasını qəbul edirik.

- Muzeyinizin ziyarətçiləri barədə nə deyə bilərsiniz? Bu müxtəlif yaş qruplarına aid tamaşaçılar, yoxsa müəyyən kateqoriyaya aid sənətsevərlərdir?

- Muzeyimiz Bakıda ən çox ziyarət edilən muzeylərdən biridir. Bu bizi sevindirir. Muzeyə təkcə çox sayda turist deyil, həm də yerli sakinlər də gəlir. Bizdə Uşaq muzeyi də fəaliyyət göstərdiyi üçün burda çoxlu uşaq olur, biz tez-tez Uşaq muzeyinin yetişdirmələrinin öz rəsmləri, musiqi nömrələri, teatrallaşdırılmış tamaşaları ilə iştirak etdiyi bayramlar təşkil edirik. Bura təhsil proqramları çərçivəsində məktəblərdən şagirdlər gəlir, muzeyi ailələr, tələbələr, peşəkar auditoriya ziyarət edir. Çox istərdik ki, həmvətənlərimizdə vaxtı muzeylərdə keçirmək vərdişi yaransın. Biz isə öz növbəmizdə proqramı müxtəlifləşdirməyə, tədbirlərimiz barədə əvvəlcədən xəbər verməyə çalışacaq və qonaqlarımızın gəlişini gözləyəcəyik.

- Və nəhayət, fikrinizcə, xalçanın fəlsəfəsi nədən ibarətdir? Ümumiyyətlə,  zamanla dekorativ funksiyasını itirmiş xalçanın əvvəlki əhəmiyyəti də azalmırmı?

- Azərbaycan Avropa və Asiyanın kəsişməsində yerləşən bir ölkədir, o, qədim və zəngin tarixi ilə şöhrət tapmışdır. Azərbaycanın coğrafi landşaftı mənzərəli təbiət təzadları ilə fərqlənir. Bu bərəkətli ölkədə qədim vaxtlardan bəri müxtəlif sənətlər inkişaf etmişdir. İlk növbədə bu, Azərbaycanda əsl sənət səviyyəsinə çatmış xalçaçılıq sənətidir.

Azərbaycan xalçası sanki ölkə təbiətinin bütün rəngarəngliyini özünə çəkmişdir.  Saysız xalça kompozisiyalarında biz göy üzünün maviliyini, meşələrin yaşıllığını, qarlı dağların bəyazlığını və alovlanan odun dillərini görürük.  Xalçanın rəngləri nar dənələrinin yaqut parlaqlığını, heyvanın qızılı parıltısını, zəfəranın sarı-qırmızılığını və üzümün bənövşəyi çalarlarını özünə hopdurmuşdur. Bütün bu müqayisələr şairanə metaforalar deyil, axı xalçanın toxunduğu yun saplar Azərbaycan təbiətinin rəngləri ilə boyanır, sözün əsl mənasında təbiətin şirələri və rayihələri ilə qidalanır. Sonra mahir ustaların bacarıqlı əlləri saysız düyünlərlə dünyanın özünəməxsus mənzərəsini yaradır, xalqın çoxəsrlik müdrikliyinin, onun ümidlərinin və sevinclərinin, həyat tərzinin və adətlərinin cəmləşdiyi bir aləm yaranır. Uzun əsrlər ərzində xalçaların kompozisiyaları mükəmməlliyə çatdırılıb. Çoxəsrlik seçimin və inkişafın nəticəsi olan naxışda qədim magiyanın və folklorun elementləri əks etdirilmişdir. "Şifrələnmiş təsvir" anlayışı ideal gözəlliyin mücərrəd, qeyri-real aləmi kimi, həm də yalnız ondan xəbərdar olanlara aydın olan özünəməxsus ünsiyyət dili kimi yaradılan naxış sənətini çox yaxşı səciyyələndirir. 

Ornamental mədəniyyətin yalnız fəlsəfi-estetik deyil, həm də mənəvi-magiki kateqoriyaları müxtəlif tarixi dövrlərdə müxtəlif cür dərk edilirdi. Xalça insan həyatında yalnız faydalı məişət əşyası kimi qəbul edilmirdi. İnsanlar inanırdılar ki, xalçada təsvir edilən rəmzlər və sakral (mərasim) nişanlar evlərə firavanlıq və xoşbəxtlik gətirir, bəd nəzərdən qoruyur, xəstəliklərdən müdafiə edir. 

Azərbaycan xalçalarının ahəngdar kompozisiyası çox qədim zamanlarda bütün dünyada şöhrət tapmışdı. Biz onların təsvirlərinə Orta Əsr Avropa rəssamlarının rəsm əsərlərində və freskalarında, sonralar isə modernist rəssamların yaradıcılığında rast gəlirik.   Xalça görkəmli abşeronlu rəssamların özünəməxsus rəssamlıq dilinin formalaşmasına böyük təsir göstərmişdir.

Azərbaycan xalçalarının kompozisiyalarının həndəsi həlli və əlvanlığı istənilən interyerə çox gözəl surətdə uyğunlaşır. Xalçalarımızın müxtəlif tarixi dövrlərdən başlayaraq bu günümüzə qədər Avropa saraylarının interyerlərini necə bəzədiyini şahidi oluruq. Məsələn, XX əsrin memarlıq incisi  – Müllerin müəllifliyi Adolf Loosa məxsus olan Praqadakı villası başdan ayağa Azərbaycan xalçaları ilə döşənmişdir, bu da interyerin bəzədilməsinə təkrarolunmaz kolorit qatır. Yəni, xalça öz dekorativ (bəzək vermə) funksiyasını heç vaxt itirməyib. Onun yalnız magik-sakral funksiyası itirilmişdir, belə ki, naxışların əhəmiyyəti, onların sirli mənası artıq unudulmağa başlayıb. Lakin naxışların mənalarından baş çıxaran insanlar üçün ölkənin tarixinin sirləri və onun ən qədim sivilizasiyalarla əlaqələri açılır.

Mən dizaynerləri müasir binaların bəzədilməsində daha çox ənənəvi Azərbaycan xalçalarından istifadə etməyə çağırıram. Bu xalçalar istənilən interyerin ən yaxşı bəzəyi olmaqla yalnız göz oxşamayacaq, həm də Azərbaycanın zəngin mədəniyyətinə və tarixinə də maraq oyadacaqdır.

Leyla Məmmədova

Məqalə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdır. 

www.culturepartnership.eu 

www.facebook.com/culturepartnership

Paylaş:
14591

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər