Dünya Xəbər Agentliklərinin Bakı Konqresi çərçivəsində “Xəbər agentliklərinin innovasiyası” mövzusu müzakirə edilir
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə noyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində ilk günün sonuncu – üçüncü sessiyası “Xəbər agentliklərinin innovasiyası” mövzusuna həsr olunub.
Müzakirə edilən mövzunun aktuallığını bildirən sessiyanın moderatoru, Avstraliyanın AAP agentliyinin baş direktoru Brus Davidson bu barədə fikir və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Sessiyada Almaniyanın DPA agentliyinin baş texniki direktoru Meinolf Ellers, İspaniyanın EFE agentliyinin videojurnalisti İqnasio Martin, ABŞ-ın Associated Press (AP) agentliyinin Asiya və Sakit okean ölkələri üzrə xəbər direktoru Ted Antoni, Böyük Britaniyanın Reuters agentliyinin beynəlxalq satış direktoru Anita Tobias, Türkiyənin Anadolu Agentliyinin idarə heyətinin sədr müavini Şaban Kızıldağ, TASS agentliyinin baş direktoru Sergey Mixaylov və Yaponiyanın Kyodo agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Kakuya Oqata mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, hazırda dünyada daim yeniləşən rəqəmsal dəyişikliklər baş verir. Zaman keçdikcə isə bu proseslər daha da inkişaf edəcək və hər bir xəbər agentliyinin iş prosesində əsas rol oynayacaq.
AZƏRTAC