Ziyafət Əsgərov: “NATO PA-nın sessiyasında Azərbaycanın ərazi bütövlüyünün sənədlərdə əks edilməsinə nail olmağa çalışacağıq”
“NATO Parlament Assambleyasının 62-ci illik sessiyasında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin sənədlərdə əks olunmasına nail olmağa çalışacağıq”.
1news.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov deyib:
“Bu payız sessiyasının gündəliyində hazırda bəşəriyyəti, dünyanı, o cümlədən Azərbaycan nümayəndə heyəti olaraq bizi narahat edən bir çox məsələlər öz əksini tapır. Gündəlikdə Suriya, Əfqanıstan, İraq məsələləri, terrorizmə qarşı mübarizə, Aralıq dənizində vəziyyət, miqrasiya, qaçqınların problemləri və başqa məsələlər var”, - o, bildirib.
Z.Əsgərovun sözlərinə görə, sessiyada müzakirə olunan məsələlərin bir çoxu Azərbaycan nümayəndə heyətinə tanışdır:
“Bilirsiniz ki, Azərbaycan vaxtilə humanitar fəlakət keçirib, ölkədə 1 milyondan çox qaçqın var. İclasda ərazi bütövlüyü ilə bağlı məsələlər də müzakirə olunacaq. Sözsüz ki, burdakı ərazi bütövlüyü ilə bağlı çıxışlarda ümumi prinsiplər var. Biz çalışacağıq ki, bizim əsas problemimiz olan Dağlıq Qarabağla bağlı bir daha fikrimizi bildirək və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin sənədlərdə əks olunmasına nail olaq”.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində NATO Parlament Assambleyasının 62-ci illik sessiyası keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edir. Azərbaycan nümayəndə heyətinin səfəri noyabrın 22-də başa çatacaq.
1news.az