Sankt-Peterburqda Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 23-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.
Rusiya və Azərbaycan parlamentlərinə seçkilər keçirildiyini qeyd edən Dövlət Dumasının sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını bildirib. Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan V.Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqunu qeyd edərək deyib: “Noyabrın 24-də MDB Parlamentlərarası Assambleya Şurasının sessiyası çərçivəsində dialoq davam edəcək. Ölkələrimizin sıx münasibətləri var, müxtəlif səviyyələrdə əlaqələr inkişaf edir. Biz konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik”.
Azərbaycan Milli Məclisinin sədri O.Əsədov Rusiya Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə V.Volodini təbrik edib və onun böyük təcrübəsinin ölkə parlamentinə yeni töhfə, yeni ruh verəcəyinə əminliyini bildirib.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Oqtay Əsədov deyib: “Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu olub. Prezidentlərin siyasi dialoqu sayəsində əlaqələrimiz strateji xarakter alıb. Ölkələrimizin parlament nümayəndə heyətləri bütün beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Biz vahid xətt yürüdürük, bir-birimizi dəstəkləyirik. Parlamentlərimizdə dostluq qrupları fəaliyyət göstərir. Rusiya Federasiyasının yeni parlamentində yeni qrup təşkil ediləcək. Əminəm ki, bu qrup ilə də səmərəli əməkdaşlıq davam edəcək”.
Ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənədin imzalandığını xatırladan Milli Məclisin sədri deyib: “Bu onu göstərir ki, güclü hüquqi bazalarımız var. İqtisadi münasibətlərimiz sürətlə inkişaf edir. Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox şirkət fəaliyyət göstərir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycanın Rusiyadakı investisiyaları 1 milyard dollardan artıqdır”.
Oqtay Əsədov hər iki ölkə xalqlarının rifahı naminə Rusiya parlamentinin yeni heyəti ilə əlaqələrin daha sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini Aydın Cəfərov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov və başqaları iştirak ediblər.
Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə gəlib. Nümayəndə heyətinin tərkibinə parlament komitələrinin rəhbərləri və deputatlar daxildir.
MDB PA Şurasının iclasında qurumun 25 illiyinə hazırlıq tədbirləri, təşkilata üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Azərbaycanda və Tacikistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumlarda qurumun nümayəndələrinin iştirakı, Belarus parlamentinə və Rusiya Dövlət Dumasına seçkilərin monitorinqi, Moldovada prezident seçkiləri barədə məsələlərə baxılacaq, təşkilatın gələn il üçün iş planı nəzərdən keçiriləcək.
1news.az