İngiltərədə təhsil alan tələbə: “UNESCO-da çalışmaq planlarım arasındadır” - Uğur formulu – FOTO
Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Leyla Qurbanovadır.
Leyla Qurbanova 1992-ci ildə anadan olub. Bakı şəhərindəki 245 saylı tam orta məktəbi və Azərbaycan Dillər Universitetini bitirib. Hazırda magistratura səviyyəsi üzrə Böyük Britaniyanın Mançester Universitetində təhsil alır.
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
- Burada beynəlxalq təhsil ixtisası üzrə təhsil alıram. Bizim ölkədə bu, yeni sahə hesab edilir və qısaca desək, təhsilin qanunvericiliyi, təşkili və idarəolunması ilə bağlıdır. Xaricdə təhsil, fikrimcə, daha dərin, çoxtərəfli düşünməyi və nəticədə hər hansısa məsələ ilə qarşılaşdıqda daha konstruktiv həll yolları təklif etməyi aşılayır.
Burada təhsilin təşkili tamamilə fərqlidir və onun hər aspektini təcrübə etməyin özü fərdin dünyagörüşünü artırmaq üçün yaxşı şansdır. Bundan əlavə, araşdırma bacarıqlarının artırılması və daha yüksək yerlər haqda düşünə bilmək qazandıqlarım sırasındadır. Xaricdə təhsil hər şeyin mümkün və əlçatan olduğunu görməm üçün əyani imkan yaratdı. Fərdi olaraq isə müstəqil yaşadığımız üçün bütün işlərlə özümüz məşğul oluruq, bu da bizi büdcənin, vaxtın, eləcə də digər əldə olan resursların səmərəli idareetmə yolları haqda düşünməyə vadar edir.
Mançester Universitetinin özündə də inkişafı lazım olan məqamlar var, lakin ümumi olaraq ümidlərimi doğrultdu. Universitetin texniki sistemi, bütün sahələrlə bağlı tələbələrlə iş şöbəsinin mövcudluğu və aktiv fəaliyyəti, bir sözlə, təhsilin təşkili gözləntilərimi qarşıladı.
- Niyə məhz bu ixtisası seçdiniz?
- Beynəlxalq təhsil ixtisasını seçməyimin əsas səbəbi təhsildə müşahidə etdiyim hadisələrlə bağlıdır. Gəlməmişdən öncə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İxtisas seçimi və təhsil vasitəsilə gənc potensialların idarəolunması” mövzusunda bir neçə layihədə çalışmışdım. Təhsil müəssisələri ilə tanışlıq zamanı götürdüyüm qeydlər məni bu sahəyə sövq etdi. Daha mükəmməl təşkil olunmuş təhsilin gənc potensiallar yetişdirəcəyinə, nəticədə ölkənin inkişafı və ümumi mənfəətinə çoxsaylı töhfələr verəcəyinə inanıram. Axı Azərbaycanın elm və təhsil müəssisələri dünya reytinq cədvəllərində niyə də yer almasın?
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
-Düzünü desəm mən oxuduğum bütün təhsil məkanlarında öz təkliflərimi həmişə yazıb vermişəm. Lakin ADU-dakı təhsil mühitinin bəzi resurslarla bağlı məsələlərini nəzərə almasaq, kifayət qədər yaxşı olduğunu deyə bilərəm. Yenə də dəyişilməsini istədiyim çox məqamlar var: ilk olaraq tələbənin öz kitabxanasının olması və akademik yolunu detallı şəkildə izləyə biləcəyi fərdi sistemin qurulması yaxşı olardı.
Kitabxana və ixtisasla bağlı resursların zənginləşdirilməsi isə şərtdir. Bazarın tələbləri mütləq şəkildə nəzərə alınmalı və universiteti bitirən şəxslər öz işini sərbəst şəkildə görə bilməlidirlər. Azərbaycan universitetlərində sosial fəaliyyət üçün daha müfəssəl imkanların yaradılmasını və universitetlərarası rəqabət mühitinin formalaşdırılmasını istəyərdim. Bunun üçün lokal müqayisə portalının qurulması faydalı ola bilər.
Metodiki olaraq, təhsil tələbədən öyrəndiklərini soruşmaqla deyil, daha konstruktiv metodla, tələbənin özünü hadisənin iştirakçısına çevirməklə müstəqil rəy bildirməsini təmin edərək verilərsə, daha faydalı olar-deyə düşünürəm.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ?
- Mançesterdə tələbə və digər azərbaycanlıları birləşdirən Azərbaycan Mançester Cəmiyyəti fəaliyyət göstərir. Üzvü olduğum cəmiyyət hər il dekabr ayında Azərbaycan milli mətbəxinin əsas təamlarının və mədəniyyətinin təqdim edildiyi “Azərbaycan gecəsi” adlı tədbir keçirir. Cəmiyyətdə çalışan biri olaraq mən də digər gənclərimiz kimi tədbirin təşkilində bacardığım qədər kömək etmişəm. Bununla yanaşı, əcnəbi dostlarımla ölkə barədə mütəmadi söhbətlərimiz də olub.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Çox sadə deyərdim. Onlar öyrədən deyil, bizlə birgə öyrənən tərəfdə daha çox olurlar. İstədiyimiz vaxt müəllimlərin elektron poçtuna suallarımızı ünvanlaya bilərik. İşləyəcəyimiz mövzu ilə bağlı ayrıca görüş almamız da mümkündür.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Bəli. Qruplarda yerli tələbələrdən çox əcnəbi tələbələr sayca üstünlük təşkil edir, xüsusilə magistratura pilləsində. Hamıya bərabər səviyyədə münasibət və xidmət göstərilir.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
-İngiltərədən baxdıqda Azərbaycan təhsili inkişaf etməkdə olan mühit kimi görünür. Bunun üçün də gənc alimlərin ölkədə qalmasına daha çox ehtiyac duyulur. İngiltərədə olduğu kimi öz sahəsində çalışan peşəkarların daha çox akademik fəaliyyətdə iştirakının təmin olunmasını istəyərdim.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtımda rəqs, fitneslə məşğul oluram və bilməcə tərzli kinolara baxıram.
- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir?
- Planlar həddən artıq çoxdur. Məqsədim isə təhsilin inkişafı ilə bağlıdır. Gələcəkdə təhsil üzrə BMT- Azərbaycan layihələrində məsul şəxslərindən biri olmaq istərdim. UNESCO-da çalışmaq planlarım arasındadır. Bunun üçün bu sahədə daha çox çalışıb təcrübə toplamaq lazım gələcək.
- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
-Ö zlərini tanımalarını və bacarıqlarının sərhədlərini kəşf etməyi tövsiyə edərdim. Özlərinə uyğun bir peşə tapmadıqda qərar verməsinlər və çalışdıqları qədər praktiki təcrübə əldə etsinlər.
Əlavə olaraq, öyrənməyi və araşdırma bacarıqlarını inkişaf etdirməyi deyə bilərəm. Daha böyük yerlər arzulamaqdan çəkinməsinlər. Sizi həvəsdən salacaq kimlərsə varsa, əmin olduğunuz yoldakı addımlarınızla qarşılıq verin. Lakin unutmayın ki, cəhdlərinizin sayı çox olduqca nəticə əldə etmək şansınız da artır.
1news.az