Fuad Musayev vəfat edib | 1news.az | Xəbərlər
İdman

Fuad Musayev vəfat edib

12:40 - 17 / 06 / 2017
Fuad Musayev vəfat edib

AFFA-nın ilk prezidenti Fuad Musayev vəfat edib.

1news.az-ın məlumatına görə, Fuad Musayev böyrək çatışmazlığından əziyyət çəkib. Onun Moskvada halı qəfil pisləşib və dünyasını dəyişib.

Fuad Musayevin nəşi iyunun 17-də Bakıya gətiriləcək.

F. Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. Atası Şuşadan, anası Gəncədəndir. 12 yaşından idmanla məşğul olub. 1952-ci ildən futbol və voleybol oynamağa başlayıb.

1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşıyıb. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb.

O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində işləyib. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Fuad Musayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib.

 1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.

1news.az

 

 

 

Paylaş:
1717

Son xəbərlər

Bütün xəbərlər