Unibank öz nizamnamə kapitalını 70% artırdı
Unibank KB ASC-nin səhmdarları və menecmenti bankın kapitallaşmasının birinci mərhələsinin bitdiyi haqda açıqlama yayıblar.
Bu gün Bakı Fond Birjasında ümumi dəyəri 49 milyon manatdan artıq olan 18, 059 min ədəd səhmin yerləşdirilməsi həyata keçirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən alınıb. Hazırda bu prosesin yekun mərhələsi olan dövlət orqanları və Bakı Fond Birjası tərəfindən hüquqi və texniki rəsmiləşdirmə işləri aparılır. Bunun nəticəsində Unibank-ın nizamnamə kapitalı 119 milyon manata çatdırılıb. Bu isə bankın nizamnamə kapitalının 70%-dək artması deməkdir
Səhmlərin yerləşdirilməsinin nəticəsində səhmdarların strukturunda dəyişikliklər baş verib. Beynəlxalq maliyyə institutları olan DEG və AYİB-in payı 49,5 %, yerli fiziki şəxs olan səhmdarların payı isə 50,5% təşkil edib. Ayrılıqda isə “DEG” Almaniya İnvestisiya Şirkətinin payı 27,6%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı isə 21,9%-ə çatıb.
Bankın yenidən kapitallaşdırılması proqramı səhmdarların 18 aprel 2017-ci il tarixli ümumi yığıncağında qəbul edilib. Bu qərar mövcud makroiqtisadi şokdan sonra yaranmış itkilərin kompensasiyası və bankın, post-neft dövründə kapital bazasının daha da möhkəmləndirilməsi və inkişafına xidmət edəcək.
Bankın növbəti səhm buraxılışınının uğurlu yerləşdirilməsi xarici və yerli investorların Unibanka olan mövcud inamının göstəricisidir.
Bankın fəaliyyət göstərdiyi 25 il ərzində göstərilən dəyişməz dəstək və inama görə bütün səhmdarlarına və müştərilərinə dərin minnətdarlığını çatdıran bank menecmenti, qəbul edilmiş 2017-2020-ci il üçün strateji inkişaf planında qeyd edilən bütün hədəflərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirir.
Unibank, ölkənin aparıcı maliyyə təsisatlarından biridir. Hazırda bank 940 mindən artıq fərdi və 10 mindən çox korporativ müştərilərə xidmət göstərir.
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.