Dövlət qulluğu xalqa xidmət nümunəsidir | 1news.az | Xəbərlər
Siyasət

Dövlət qulluğu xalqa xidmət nümunəsidir

10:12 - 21 / 06 / 2017
Dövlət qulluğu xalqa xidmət nümunəsidir

Hər il iyunun 23-də dövlət qulluqçularının peşə bayramı qeyd olunur.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun məqaləsini oxucuların diqqətinə çatdırırıq.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideyaları əsasında gündən-günə inkişaf edən respublikamızın iqtisadi potensialı gücləndikcə, dövlətin idarə edilməsində mühüm vasitə olan dövlət qulluğu da müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilir. Azərbaycanda dövlət qulluğu Ulu Öndərin hələ 2000-ci ildə təsdiq etdiyi və 2001-ci ilin sentyabrında qüvvəyə minmiş “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir. Bu Qanun qəbul ediləndən indiyədək Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına uyğun olaraq bilavasitə dövlət qulluğu ilə əlaqədar Prezident tərəfindən 80-dək fərman, 40-dan çox sərəncam imzalanmış, 55-dən artıq qanun, Nazirlər Kabinetinin bir sıra qaydaları təsdiq edən müxtəlif qərarları qəbul edilmişdir.

Dövlət qulluğuna aid bütün aktlarda cəmiyyətin inkişafından irəli gələn, dövlətlə vətəndaşlar arasında əlaqələri tənzimləyən normalar müəyyən edilmiş, dövlət qulluqçularının hüquq və vəzifələri ilə yanaşı, onların məsuliyyəti də artırılmışdır. Həmin aktlar haqqında mətbuatda vaxtaşırı məlumat verilmişdir və xüsusi vurğulamaq lazımdır ki, bu aktların hər birində dövlət qulluqçularının vətəndaşlara münasibəti, dövlət və cəmiyyət qarşısında məsuliyyətinin artırılması əsas yer tutur.

Dövlət qulluqçularının fəaliyyətinin səmərəsi onların cəmiyyətin inkişafı üçün nə dərəcədə real fəaliyyət göstərdikləri, ölkənin iqtisadi inkişafına və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, onların gündəlik qarşılaşdıqları problemlərin həllinə necə nail olduqları, dövlət və vətəndaş münasibətlərinin yaxşılaşmasına göstərdikləri töhfə ilə ölçülür.

Dövlət qulluqçularının fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsipləri və bu günün tələbləri baxımından onların qarşısında duran vəzifələri Azərbaycan Prezidenti İlham Əliyev daha da genişləndirmiş və konkretləşdirmişdir. Dövlətimizin başçısı öz çıxışlarında dövlət qulluğunun mahiyyətini, məzmununu və dövlət qulluqçularının qarşısında qoyulan əsas tələbləri aydın göstərib və bu vacib sahəni daim diqqət mərkəzində saxlayır.

Dövlət qulluqçusu dövlətin idarəetmə sisteminin güzgüsüdür və bu güzgünün şəffaf, ləkəsiz olması hər bir dövlət qulluqçusunun hərəkətlərindən, davranışından, prinsipiallığından, bir sözlə, mənəvi keyfiyyətlərindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev hər bir vəzifəli şəxsdən, ilk növbədə, “mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqət” tələb edirdi. O, hamının öz yerində, öz vəzifəsinə uyğun məsuliyyət daşıdığını xüsusi qeyd edir, hamıya təvazökar olmağı, vəzifədən sui-istifadə etməməyi, heç kəsin xüsusi status arzusunda olmamasını tövsiyə edir, qanun qarşısında hamının bərabər olduğunu dönə-dönə xatırladırdı. Ulu Öndər vəzifəli şəxslərdən, dövlət qulluqçularından “gecə də, gündüz də öz vəzifəsi və məsuliyyəti haqqında düşünməyi”, təkcə işdə olub iş saatlarını başa vurmaq barədə düşünməməyi tələb edirdi.

Azərbaycanda dövlət qulluğunun inkişaf mərhələlərinə nəzər saldıqda son 25 ildə dövlət qulluğunun cəmiyyətin idarə olunmasında mühüm vasitəyə çevrildiyini, keçmiş partiya və sovet nomenklaturunun idarəçilik təcrübəsinin yeni forma və metodlarla əvəz edildiyini görürük. Xüsusilə son illərdə yeni sistemin tələblərinə uyğun olaraq kreativ düşüncəyə malik dövlət qulluqçularının da formalaşdırılmasının, daha təşəbbüskar kadrların irəli çəkilməsinin, beynəlxalq təcrübədən ustalıqla bəhrələnmənin şahidi oluruq.

Yeni nəsil dövlət qulluqçuları müasir informasiya və texnologiyalardan daha səmərəli istifadə etməyə və idarəetmə sistemində ən müasir informasiya texnologiyalarının tətbiqinə üstünlük verirlər ki, bu da zamanın, dövrün tələbindən irəli gəlir. Fəxrlə demək olar ki, Azərbaycanda dövlətin idarə olunmasında yeni prinsipləri və idarəetmə texnologiyalarını uğurla həyata keçirən belə kadrların böyük ehtiyatı yaranmışdır.

Ümumiyyətlə, əhalinin çox az bir hissəsini – cəmi 0,6 faizini təşkil edən dövlət qulluqçuları respublikada ictimai-siyasi sabitliyin qorunmasında, demokratik dəyərlərin bərqərar olunmasında, iqtisadi inkişafın sürətləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, onların gündəlik problemlərinin həllində yaxından iştirak edir, bu şərəfli yükü çiyinlərində ləyaqətlə daşıyırlar.

Azərbaycan dövlətinin gündən-günə güclənməsi, cəmiyyətdə böyük həmrəyliyin və birliyin hökm sürməsi bunu aydın göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “daxili sabitlik, ictimai-siyasi asayiş, xalqla iqtidar arasında olan birlik – bütün bu amillər hər bir ölkənin uğurlu inkişafı üçün vacibdir”.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutaraq cəmiyyətdə ədalət prinsipini daim önə çəkir, hər şeyin ədalət prinsipi əsasında qurulmalı olduğunu və ədalətin pozulmasının yolverilməzliyini, əks halda, cəmiyyətin çətinliklərlə üzləşə biləcəyini xüsusi vurğulayır.

Azərbaycan Prezidenti dövlətin əsas məqsədinin insanların daha yaxşı yaşamasından, vətəndaşların hüquqlarını daha yaxşı təmin etməkdən ibarət olduğunu vurğulayaraq bildirir: “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar. Əksinə deyil. Məmur xalqın xidmətçisidir. Vətəndaşa xidmət, kömək göstərməlidir. Yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır”.

Dövlətin həyata keçirdiyi siyasətin və xalqın dövlətə münasibətinin formalaşmasında dövlət qulluqçusunun müsbət imici mühüm rol oynayır. Onun müsbət imici isə gördüyü işin nəticəsindən, peşəkarlığından, öz vəzifə borcuna münasibətindən, insanlarla düzgün ünsiyyət qurmasından asılıdır. Məlumdur ki, son illər Azərbaycanda Prezidentin müəyyən etdiyi dövlət proqramlarının və həyata keçirilən layihələrin yerinə yetirilməsi bilavasitə dövlət qulluqçuları tərəfindən təmin edilmişdir. Hazırda Azərbaycanın bütün regionlarında, şəhər və qəsəbələrində gedən abadlıq və quruculuq işləri, yeni iş yerlərinin yaradılması üçün sənaye və infrastruktur müəssisələrinin, obyektlərin istifadəyə verilməsi bilavasitə yerli idarəetmə orqanlarının rəhbərliyi ilə həyata keçirilir.

Azərbaycanda dövlət qulluqçularının nə dərəcədə səmərəli fəaliyyət göstərməsi özünü məhz məmur-vətəndaş münasibətlərində büruzə verir. Bu məsələdən danışan Azərbaycan Prezidenti deyir: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.

Dövlət qulluqçularının fəaliyyətinə qiymət verilərkən onların vətəndaşların gündəlik problemlərinin həllinə necə yanaşması əsas meyarlardan biri sayılır. Bu baxımdan Prezident Administrasiyasında, eləcə də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşları narahat edən məsələlərin həlli üçün görülən işlər ölkə rəhbərliyinin həmişə diqqət mərkəzində olmuş və olacaqdır. Çünki Azərbaycan vətəndaşları öz gündəlik qayğıları, özlərinin həll edə bilmədikləri problemlər barədə, ilk növbədə, dövlət qulluqçularına müraciət edirlər.

Respublikada vətəndaşların müraciətlərinə baxılması sahəsində mükəmməl qanunvericilik bazası yaradılmışdır. Gündən-günə təkmilləşdirilən bu qanunvericilik bazası, ilk növbədə, məmurların məsuliyyətini artırmaqla yanaşı, vətəndaşların hüquq və vəzifələrini də konkret müəyyən etməyə imkan verir. Hələ 1997-ci ildə Ulu Öndər tərəfindən imzalanmış “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu cəmiyyətin inkişafından irəli gələn və bu günün tələblərinə uyğun olan müddəalar əsasında təkmilləşdirilərək Milli Məclisdə 2015-ci ildə qəbul olunmuş və Prezident İlham Əliyev tərəfindən imzalanaraq yenidən təsdiq edilmiş və Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşlara verilmiş hüquq və azadlıqların təmin edilməsində mühüm vasitəyə çevrilmişdir.

Son iki ildə bu Qanundan irəli gələn digər normativ hüquqi aktlar da tamamilə yenidən işlənərək daha mükəmməl səviyyəyə çatdırılmış və həmin aktların tətbiqi bu sahədə işin daha da yaxşılaşmasına səbəb olmuşdur. Məhz vətəndaş və məmur münasibətlərini düzgün tənzimləmək və yaxşılaşdırmaq üçün vətəndaşların müraciətlərinə baxılması məsələləri Prezident Administrasiyası tərəfindən müntəzəm nəzarətdə saxlanılır. Bu məsələlər vaxtaşırı geniş təhlil olunur və vətəndaş müraciətlərinə baxılması üçün bütün dövlət orqanlarında, eləcə də idarə, müəssisə və təşkilatlarda, bələdiyyə orqanlarında tələbkarlıq gündən-günə artırılır. Artıq neçə ildir ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün mərkəzi icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri – nazirlər, komitə sədrləri və digər qurumların rəhbərləri müəyyən edilmiş qrafikə uyğun olaraq bilavasitə regionlarda vətəndaşları qəbul edir, onların problemlərini öyrənib yerində həll edir, ən başlıcası, bu problemlərin yaranma səbəblərini aradan qaldırmaq üçün lazımi tədbirlər görürlər.

2013-cü ildən başlayaraq yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar əvvəllər ancaq televiziya ekranlarında gördükləri vəzifəli şəxslərlə ünsiyyətdə ola, öz problemlərini birbaşa çatdıraraq onlardan cavab ala bilirlər. Bu qəbullar artıq ənənə halını almış və özünü doğrultduğuna görə daha geniş miqyasda keçirilməkdədir. Təkcə keçən il respublikanın 21 mərkəzi icra hakimiyyəti orqanının və digər qurumların rəhbərləri tərəfindən Azərbaycanın 56 şəhər və rayonunda keçirilmiş qəbullarda 8 mindən çox vətəndaş iştirak etmiş, onları narahat edən məsələlər barədə 6 mindən çox müraciətə baxılmışdır. Bu müraciətlərin 85 faizi bilavasitə vətəndaşları qəbul etmiş qurumların səlahiyyətinə aid olmuşdur.

Ümumiyyətlə, 2013-cü ildən başlayaraq belə qəbullarda 39351 vətəndaş iştirak etmişdir və müraciətlərin 83,2 faizi həmin qurumların səlahiyyətinə aid olmuşdur.

Müsbət cəhətlərdən biri də odur ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbul etdiyi vətəndaşların qaldırdıqları məsələlərin əksəriyyəti müsbət həll olunur və belə müraciətlərin əsaslı olanları heç vaxt icradan kənarda qalmır. Bütövlükdə rəhbər şəxslərə təqdim olunmuş müraciətlərin 33,1 faizi müsbət həllini tapmış, onların 41,1 faizinə müvafiq izahat verilmiş, 7,2 faizi əsassız sayılmış, 12,8 faizi aidiyyəti üzrə göndərilmiş, 5,8 faizi isə icradadır. Ümumən ildən-ilə müraciətlərin sayının azalması isə onların yaranma səbəblərinin getdikcə aradan qaldırılmasının və yerlərdə bu məsələyə diqqətin daha da artırılmasının nəticəsidir.

Vətəndaşların yerlərdə qəbulunun təşkili təkcə mərkəzi icra hakimiyyəti və digər qurumların rəhbərləri ilə məhdudlaşmır. Artıq neçə illərdir ki, bütün şəhər və rayon icra hakimiyyətlərinin başçıları rayonun idarə və müəssisə rəhbərləri ilə birlikdə, bir qayda olaraq, hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində vətəndaşları bilavasitə qəbul edir, yerlərdə olan problemləri daha yaxından öyrənərək öz səlahiyyətləri və imkanları daxilində onları operativ həll edirlər.

Müraciətlərə baxılmasında və sənədlərlə işdə müasir elektron informasiya sisteminin, elektron sənəd dövriyyəsinin geniş tətbiqi həmişə diqqət mərkəzində olmuş və olacaqdır. İdarəçilikdə bunun böyük əhəmiyyəti vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılmış və bu sistemin səmərəsi artıq özünü göstərməkdədir.

Qeyd etmək lazımdır ki, informasiya sisteminin tətbiqi nəticəsində müvafiq məlumatların öyrənilməsi və bu işə nəzarət edilməsi daha da asanlaşmışdır. 2016-cı ildə yerli icra hakimiyyəti orqanlarında həmin sistem üzrə 129 mindən çox vətəndaş müraciəti qeydiyyata alınmışdır.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olmuşdur.

Dövlətlə vətəndaş arasında körpü rolunu oynayan vətəndaş müraciətlərinin öyrənilməsi və onların hərtərəfli təhlil edilməsi cəmiyyətdə baş verən proseslərin daha yaxından öyrənilməsinə, müraciətlərdə qaldırılan problemlərin vaxtında həll edilməsi üçün tədbirlər görülməsinə, ölkə rəhbərliyinin həlli vacib olan məsələlər üçün zəruri qərarlar qəbul etməsinə kömək edir.

Azərbaycan Prezidenti vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində ayrı-ayrı dövlət qurumlarında yol verilən bürokratik maneələri, süründürməçilik hallarını və digər mənfi halları aradan qaldırmaq üçün, ilk növbədə, idarəetmə sistemində müasir texnologiyalardan istifadə edilməklə bu işin daha səmərəli qurulması üçün ciddi tədbirlər görülməsini təmin edir.

Hazırda Azərbaycan brendi sayılan “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirən Prezident sistemin yaradılmasının əsas məqsədinin vətəndaşların rahatlığı və öz problemlərini həll etmək üçün bürokratik əngəllərlə qarşılaşmaması olduğunu qeyd edərək bu xidmətdə tətbiq olunan üsulların bütün dövlət orqanlarında tətbiqini tövsiyə edir. Azərbaycan Prezidenti bu sistemdə vətəndaş-məmur münasibətlərinin yeni formasını görür və bu münasibətlərin müasir tələblər səviyyəsində qurulmasını təqdir edərək deyir: “...məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar”.

Dövlət qulluqçularının fəaliyyətinə ictimai nəzarətin bir forması hesab edilən vətəndaş müraciətlərinə baxılmasına xüsusi əhəmiyyət verən Azərbaycan Prezidenti bütün sahələrdə, o cümlədən əhalinin güzəranı üçün ciddi əhəmiyyət daşıyan sosial proqramların yerinə yetirilməsinə ictimai nəzarətin olmasını vacib hesab edir. 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda Azərbaycan Prezidenti məhz ictimai nəzarətlə bağlı məsələlərə xüsusi diqqətlə yanaşaraq şəhər və qəsəbələrin abadlığına, kəndlərdə sosial problemlərin həllinə ayrılmış vəsaitin düzgün sərf olunmasına ictimai nəzarətin artırılmasını tövsiyə etmiş, vətəndaşlara müraciət edərək onların rayonlarında, kəndlərində tikilməli olan obyektlərin inşasının gedişi barədə öz narahatlıqlarını və narazılıqlarını Prezident Administrasiyasına çatdırmalarını təklif etmişdir: “Əgər onların kəndi o siyahıda varsa və o iş görülmürsə, dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat versinlər... Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun”.

Azərbaycanda həyata keçirilən geniş layihələr haqqında ölkə vətəndaşlarının müntəzəm məlumatlandırıldığını bildirən dövlətimizin başçısı böyük proqramların icrası üçün müasir idarəetmə sisteminin tələblərinə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsini də vacib məsələ kimi irəli sürmüşdür.

Prezidentin dövlət qulluqçularından bir tələbi də budur ki, onlar ölkənin iqtisadi inkişafını sürətləndirməyə dair təşəbbüslərə dərhal reaksiya versinlər və ümumi inkişafımıza yararlı təklifləri reallaşdırmağa yardımçı olsunlar, sahibkarlığın inkişafına xüsusi dəstək göstərsinlər. Əhalinin güzəranının yaxşılaşdırılması, ölkədə iş yerlərinin yaradılması məqsədilə dövlətdən asılı olan bütün tədbirlərin görüldüyünü, təkcə son illərdə ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə cəlb olunduğunu, iqtisadiyyatın rəqabətliliyinə görə Davos Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan iqtisadiyyatının 37-ci yerə layiq görülməsini, bir il ərzində 3 pillə irəliləməsini müsbət dəyərləndirən dövlətimizin başçısı yerli icra orqanları qarşısında məsələni konkret olaraq belə qoymuşdur ki, gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu və ya digər rayona nə qədər sərmayə gətirilməsi amilinə əsaslanacaqdır.

Bu faktın özü də dövlət qulluqçularının üzərinə nə qədər geniş vəzifə və funksiyalar qoyulduğunu bir daha təsdiq edir. Əlbəttə, hər bir işin görülməsində onu həyata keçirən şəxslərdən çox şey asılıdır. Bu baxımdan Azərbaycan Prezidenti bütün sahələr üzrə kadr hazırlığına böyük önəm verir və deyir: “Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir ... Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir”.

Azərbaycan dövləti 25 ildən çoxdur ki, bərpa etdiyi müstəqilliyini möhkəmlətmək, bu müstəqilliyi gözü götürməyən qüvvələrin müqavimətini dəf etmək, dərin milli-mənəvi köklər üzərində müasir dövlət qurmaq və hər bir vətənpərvər insanın fəxr edəcəyi bu ölkəni dünyaya tanıtmaq üçün böyük səylər göstərir. Azərbaycan Prezidentinin 2017-ci ilin mayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd etdiyi kimi dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb. Azərbaycana bu gücü, bu qüdrəti ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin davamçısı, onun layiqli varisi İlham Əliyevin real, düşünülmüş və uzaqgörən siyasəti təmin etmişdir. Bu işdə Azərbaycan Prezidentinin siyasətini bilavasitə həyata keçirən və onun reallaşmasına dəstək olan dövlət qulluqçularının da əməyi az deyildir və getdikcə daha çox olacaqdır.

S.Xankişiyeva

Paylaş:
942

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər