“Ayə, harayə gedirsən, ayə?” oxudu, AzTV qadağa qoydu – VİDEO
Müasir Azərbaycan Gəncliyi (MAG) verilişinə qonaq olan Vüsal Rzasoyun ifası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
1news.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, gənc musiqiçi proqramda “Ayə, harayə gedirsən ayə?” mahnısını gitara ilə oxumağa başlayıb.
Eyni zamanda Pantomima Teatrında çalışan Rzasoyun qeyri-adi ifası studiyada əyləşən qonaq və aparıcının təəccübünə səbəb olub.
Müasir Azərbaycan Gəncliyi (MAG) verilişi sosial şəbəkələrdə müzakirə olunan kadrlarla bağlı açıqlama verib.
MZ productionun rəhbəri Üzlüfət Qasımova “Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:
“O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq.
Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, “MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”.
Üzlüfət Qasımova həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir:
“Onun çox peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik”.
1news.az