Fazil Qurbanov: Ümumrusiya Azərbaycanlılar Konqresini reanimasiya etmək artıq mümkün deyil | 1news.az | Xəbərlər
Siyasət

Fazil Qurbanov: Ümumrusiya Azərbaycanlılar Konqresini reanimasiya etmək artıq mümkün deyil

16:10 - 25 / 11 / 2017
Fazil Qurbanov: Ümumrusiya Azərbaycanlılar Konqresini reanimasiya etmək artıq mümkün deyil

Rusiya Federasiyası regionlarının Azərbaycan icması bu günlərdə Rusiya azərbaycanlılarının yeni təşkilatını yaratmaq və ona başçılıq etmək xahişi ilə akademik Fazil Qurbanova müraciət ediblər.

Məktubda bildirilib ki, onlar Fazil Qurbanova qüsursuz reputasiyalı, öz işinə peşakarcasına yanaşan, fəal həyat mövqeyi olan bir insan kimi müraciət ediblər və hesab edirlər ki, o, Rusiya azərbaycanlılarının diasporunun lideri ola bilər və olmalıdır. Azərbaycan diasporu nümayəndələrinin fikrincə, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ÜAK-ın sabiq prezidenti, akademik Fazil Qurbanov ilə Rusiya azərbaycanlılarının yeni diaspor təşkilatının təsis edilməsi perspektivlərindən danışıb.

-Fazil müəllim, keçmiş Ümumrusiya Azərbaycanlılar Konqresinin 70-dək regional bölməsinin rəhbərləri bu günlərdə sizə Rusiya azərbaycanlılarını bir araya gətirəcək yeni diaspor təşkilatının yaradılması barədə xahişlə müraciət ediblər. Sizin bu təklifə münasibətiniz necədir?

-Mən Rusiyanın Azərbaycan diasporu nümayəndələrinin həmvətənlərimizi birləşdirəcək yeni təşkilatın yaradılması ilə bağlı müraciətinə müsbət yanaşıram. Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır. Onlar Rusiyanın siyasi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak edirlər. ÜAK iki liderin – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılmışdı. Bilirsiniz ki, biz uzun müddət iş apardıq, müxtəlif instansiyalara müraciət etdik, mənim müxtəlif siyasi xadimlərlə görüşlərim oldu. Amma təəssüf ki, ÜAK-ın keçmiş rəhbərliyi sənədlərlə iş zamanı çoxlu səhvə yol vermişdi. Onlar Rusiya Ədliyyə Nazirliyinin bildirişlərinə reaksiya verməyiblər, qurultayların keçirilməsi müddətləri ötüb. Bununla da Rusiya qanunlarının pozulmasına yol verilib. Odur ki, ÜAK-ı reanimasiya etmək artıq mümkün deyil.

-Ümumrusiya Azərbaycanlılar Konqresi qurumun ləğv edilməsi barəsində qərar ilə əlaqədar Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə şikayət verib. Sizə necə cavab verilib?

-Bəli, noyabrın 2-də biz birinci instansiya məhkəməsinin və Apellyasiya Məhkəməsinin ÜAK-ın ləğv edilməsi haqqında qərarlarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə kassasiya şikayəti vermişik. Amma təəssüf ki, şikayətimiz geri qayıdıb, çünki Ədliyyə Nazirliyi ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb və bu təşkilat artıq legitim deyildir.

-Yeni qurum yaratmaq üçün təsis qurultayı keçirmək lazımdır. Hər hansı tarix nəzərdə tutulubmu?

- Əgər vəkillərimiz bütün sənədləri hazırlasalar, ola bilsin, 2018-ci ilin fevralında təsis qurultayını keçirəcəyik. Qurultayda yeni heyətin seçkiləri olacaq. Qurumun yeni adı və nizamnaməsi təsdiq ediləcək. Lüzumsuz adamları rəhbərlikdən uzaqlaşdırmağa çalışacağıq, tanınmış azərbaycanlıları, ziyalıları, təmiz adamları dəvət edəcəyik və onlarla məhsuldar işləyəcəyik.

-Yeni təşkilatın nə kimi məqsəd və vəzifələri olacaq?

-Biz bu təşkilatın səmərəli işləməsinə hər cür səy göstərməliyik. Bizim vəzifəmiz bütün regionlar üzrə diaspor təşkilatlarımızı birləşdirmək, onların problemlərini həll etməkdir. Bu işdə biz mütləq cavanlara arxalanmalıyıq. İstedadlı gənclərimiz çoxdur. Özlərini reallaşdıra bilmələri üçün onların yolunu açmaq lazımdır. Əlbəttə, çox xoşdur ki, insanlar mənə inanıblar və yeni təşkilata başçılıq etmək üçün mənə müraciət ediblər. Düşünürəm ki, gələn həftə müsbət cavab verəcəyəm.

S.Xankişiyeva

 

Paylaş:
1946

Son xəbərlər

Bütün xəbərlər