Bakının Yeniyetmələrin Avropa Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb – FOTO
Noyabrın 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa Olimpiya Komitələrinin (AOK) Baş Assambleyasında Bakının 2019-cu ildə Yeniyetmələrin Avropa Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimat olub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç və baş katibi Rafael Paqnozzi imzalayıblar.
Tədbirdə, həmçinin Azad Rərimov və nazirliyin beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən “Bakı-2019” Yeniyetmələrin Avropa Olimpiya Festivalına dair təqdimat keçirilib.
Xatırladaq ki, noyabrın 23-25-də AOK-un İcraiyyə Komitəsinin iclası və 46-cı Baş Assambleyası keçirilib.
Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov, marketinq idarəsinin direktoru Mehman Kərimov, gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzovdan ibarət nümayəndə heyəti təmsil edir.
İclasda 2018-ci il Pyonçanq və 2022-ci il Nancinq Qış Olimpiya oyunlarının Təşkilat komitələrinin hesabat məruzələri dinlənilib. Habelə 2020-ci il Tokio Yay Olimpiya və XXXIII Paris Olimpiya oyunlarına dair məruzələr təqdim olunub.
Baş Assambleya çərçivəsində AOK-un İcraiyyə Komitəsinin üzvlüyünə və rəhbərliyinə növbəti dörd illik müddət üçün seçkilər keçirilib. Janez Koçijançiç AOK-un prezidenti, Nels Niqard və Andre Bolhuis vitse-prezident, Rafael Paqnozzi baş katib, Kipriot Kikis xəzinədar vəzifələrinə seçiliblər.
S.Xankişiyeva