Elmar Qasımov: “2017-ci il bizim gözləntilərimizi aşdı”
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2017-ci ilin yekunu ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə verib. 1news.az rektora ünvanlanmış sualları və onların cavablarını təqdim edir.
- Elmar müəllim, artıq təqvim ilinin son günlərinə gəlib çatmışıq. 2017-ci ili Azərbaycan üçün necə dəyərləndirə bilərsiz?
- Düşünürəm ki, bu il hər birimiz üçün yadda qalan oldu, çünki Azərbaycan tarixi hadisələrə imza atdı. Xüsusilə neft-qaz sənayesində bu özünü daha çox büruzə verdi. Bu il Azərbaycan Xəzər dənizinin Azəri-Çıraq-Günəşli yataqlarınin işlənməsi üzrə yeni tərtib olunmuş neft hasilatına dair Saziş imzaladı, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını etdi və nəhayət ölkəmiz bu il 2 milyard ton neft hasilatına nail olaraq bütün dünyada bu sahə üzrə öz sözünü demiş oldu. Bütün bu hadisələr hər bir azərbaycanlı üçün qürurvericidir.
- Bəs bu il Bakı Ali Neft Məktəbi üçün necə keçdi?
Bakı Ali Neft Məktəbi üçün bu il böyük nailiyyətlərlə yadda qaldı. İlin ilk uğuru bizim üçün ən önəmli hadisə - may ayının 1-də cənab Prezident İlham Əliyevin iştirakı ilə möhtəşəm kampusumuzun açılışı ilə başladı. Daha sonra iyul ayında biz ilk məzunlarımızı yola saldıq. Eyni zamanda biz 2017-2018-ci tədris ili üçün magistr pilləsinə ilk tələbələrimizi qəbul etdik.
Biz təhsil üzrə bu ilki statistik göstəricilərimizlə nəinki digər ali təhsil müəssisələrini, hətta özümüzün ötən illərdəki göstəricilərimizi üstələdik. Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblər üzrə qəbulun nəticələrinə görə ən yüksək keçid balı – 679 bal məhz BANM-a məxsus olub və buradakı 3 ixtisas üzrə ilk turdan qəbul həyata keçirilib. Qeyd edim ki, Azərbaycanın hazırda ən yüksək keçid balına malik ixtisası BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasıdır ki, qəbul imtahanının nəticələrinə görə minimal bal – 685 bal olub. Bildiyiniz kimi, bu ixtisas bütün göstəricilər üzrə ölkədə “İlin ixtisası” olub.
BANM-ın bu ilki göstəricilərini saymaqla bitmir. Məsələn qeyd edə bilərəm ki, bu ilki nəticələrə əsasən, I qrup üzrə imtahan verən abituriyentlərdən 7 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçiblər. I qrup üzrə 25 Prezident təqüdçüsündən 24 nəfəri yenə BANM-ı seçib.
Mənim üçün hər zaman nəticə önəmlidir. BANM-ın bu ilki nəticəsindən isə bu gün çox razıyam. Bayaq qeyd etdiyim kimi, bu il BANM-də ilk dəfə məzun buraxılışı olub, lakin onların 94%-i artıq işlə təmin olunub. BANM bu gün Azərbaycanda neft-qaz sənayesi üçün yüksək ixtisaslı və ingilisdilli mühəndis hazırlayan yeganə ali təhsil müəssisəsidir. Məhz bunun nəticəsidir ki, bizim bu ilki məzunlar hazırda SOCAR, BP, Schlumberger, Halliburton, Maire Tecnimont və s. kimi transmilli şirkətlərdə çalışırlar. Qalan 6% isə ABŞ, Avropa, eləcə də doğma Azərbaycanın aparıcı universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər. Bax bu göstəricilər mənim üçün nəticə və böyük fəxrdir.
- Elmar müəllim, bəs yeni 2018-ci ildə Bakı Ali Neft Məktəbi nələr planlaşdırır? Yeni il də bu il olduğu kimi yüksək nailiyyətlər vəd edirmi?
- Biz 2018-ci ilin də ən azından bu il qədər məhsuldar olacağını gözləyirik. Növbəti il yeni ixtisasların açılması üçün böyük işlər görməyi planlaşdırırıq. Həmçinin yeni 2018-ci ildə daha çox tələbə qəbul etməyə tam hazırıq. Artıq bizim maddi-texniki bazamız, sosial infrastrukturumuz və peşəkar professor-müəllim heyətimiz buna tam imkan verir. Əvvəlcədən bütün planları açıqlamaq istəmirəm. Növbəti ildə özünüz yeniliklərin şahidi olacaqsız.
Bu arada fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Bayramlarınız mübarək!
- Elmar müəllim, 2017-ci il haqda fikirlərinizi bizimlə bölüşdüyünüz üçün Sizə təşəkkür edirik.
1news.az