AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO
Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə bir sıra ölkələrlə hava nəqliyyatı müvəqqəti olaraq dayandırıldığından "Azərbaycan Hava Yolları" QSC (AZAL) çarter reysləri həyata keçirməkdədir.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması üçün bu gün Lənkəran beynəlxalq hava limanına iki çarter reysi yerinə yetirilib. Belə ki, Rusiyanın paytaxtı Moskvadan Lənkərana 48 nəfər, Türkiyənin İstanbul şəhərindən isə Lənkərana 248 nəfər Azərbaycan vətəndaşı gətirilib.
Martın 15-dən Azərbaycana hava nəqliyyatı vasitəsilə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 9 000-dən çox sərnişin gətirilib.
"Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha təmkinli və anlayışlı olmağa çağırırıq. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçdiyindən və karantinə yerləşdirildiyindən vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir. Vətəndaşlarımızı uçuş qrafikləri barədə məlumatları izləməyə və səfərlərini həmin qrafikə uyğun planlamağa çağırırıq", - deyə AZAL bəyan edib.
AZAL bu günədək 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib
Azərbaycanın Macarıstandakı səfiri: Vətəndaşlarımızın ölkəyə qayıtmaları üçün hər cür səy göstərilir
Azərbaycan İtaliyadan vətəndaşlarını təxliyyə edib – FOTO – VİDEO
S.Xankişiyeva