KİV nümayəndələri də mağazaya və ya aptekə getmək üçün icazə almalıdır – VİDEO

1news.az Nazirlər Kabinetinin Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması ilə bağlı qərardan yazıb.
Sənəddə ölkə daxilində vətəndaşların hərəkətinin tənzimlənməsi qaydası ətraflı təsvir edilib.
Xüsusilə, vətəndaşların mağazaya və ya qohumlarının anım tədbirləri və s. yerə getmək üçün SMS vasitəsilə müvafiq orqanlardan bildiriş alması proseduru aydın göstərilib.
Ayrıca bu məhdudiyyətlərin təsir etmədiyi bəzi peşə nümayəndələrinin, əlavə prosedurların bir hissəsi olaraq icazəni kimin əldə edə biləcəyi də ətraflı təsvir edilib.
Həmçinin sənəddə qeyd olunur ki, KİV nümayəndləri evdən işə getməsi üçün çıxarkən icazə almamalıdır.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov aprelin 3-də Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sisteminin təqdimatı zamanı bunu bir daha təsdiq edib.
Onun sözlərinə görə də, KİV nümayəndələri Bakı ərazisində rahat hərəkət edə bilər:
“Lakin hər kəs bilməlidir ki, qeydiyyata alınmış şəxslər yalnız öz fəaliyyət sahələri çərçivəsində hərəkət edə bilər. KİV-in əməkdaşı aptek və marketə gedən zaman SMS göndərib, cavab aldıqdan sonra yaşadığı evi tərk etməlidirlər. Çünki bu hal karantin rejiminin pozulmasıdır”.
Belə halda qəribə bir məqam ortaya çıxır: şəhərdə rahat hərəkət etməsinə icazə verilən KİV nümayəndəsi yolüstü aptek və mağazaya girə bilməz.
Təəssüflər olsun ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat əldə edə bilmədik. Qərargahın (+994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33) “Qaynar xətt” nömrələrinə zəng etsək də, əməkdaşlar bu barədə məlumat verə bilmədi. Digər nömrədə isə dəstəyi götürən olmadı...
Ümid edək ki, qərar qüvvəyə minənə qədər bütün problemlər öz həllini tapacaq.
YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı sistemin təqdimatı keçirilib – VİDEO
Zibil atmağa gedərkən SMS-lə icazə almağa ehtiyac yoxdur – RƏSMİ AÇIQLAMA
S.Xankişiyeva