Gültəkin Hacıbəylinin “xoşxəbər”çiliyi və qisasçılığın “heyrətamiz” üzü...

Azərbaycan müxalifətinin hər zaman tənqid olunan addımlarından biri ağına-bozuna baxmadan hakimiyyətdən bu və ya digər səbəbdən qopan, küsən, inciyən, yaxud hakim qüvvənin özünün “kəsib atdığı” şəxsləri bəh-bəhlə öz sıralarına qatmasıdır. İllərin təcrübəsi göstərir ki, bu “taktika” mənfi nəticələr verir və “haqq yoluna qayıdan” hər belə “siyasi fiqur” müxalifətin aktivinə deyil, passivinə yazılmış olur. Keçmişə, elə bugünə də baxsaq, bunun əksini sübut edəcək çox az nümunə göstərmək olar...
İqtidara xəyanət edib müxalifətə keçən, sonra təmsil olunduğu müxalifət partiyasını “satıb” yenidən iqtidarın alovlu təbliğatçısına çevrilən buqələmunları hamımız tanıyırıq...
Ötən illərin təcrübəsi göstərir ki, bu adamların dərdi heç də dövlət, millət deyil. Sadəcə hansısa səbəbdən iqtidar komandasında kənara atıldıqlarından, revanş və ya daha əlverişli təklif almaq üçün müəyyən müddət özlərini üzdə əzabkeş millət fədaisi kimi göstərməyə çalışırlar. Ancaq gizlində və hətta bəziləri aşkar şəkildə belə milləti ələ salmaqdan, ona həqarət etməkdən çəkinmirlər.
Sanki onsuz da öz bəsit, məişət səviyyəli yanaşması, təfəkkürü ilə müxalifət düşərgəsinə zərbə vuran klassik müxalifətçilər az idi, üstəlik hakim partiyadan qopanlar da bu işə cəlb olunub – Gültəkin Hacıbəyli kimi. Özünü ciddi siyasi qüvvənin təmsilçisi bilən, ölkənin gələcək siyasi həyatında, idarəetməsində görən istənilən bir şəxsdə ilk öncə dövlət və dövlətçilik anlayışının olması vacib şərtdir. Bu anlayışlar isə özündə ölkənin strateji maraqları, ərazi bütövlüyü, müdafiə qabiliyyəti, təhsili, iqtisadiyyatı və s. bu kimi vacib elementləri əks etdirir. O elementlər ki, heç bir daxili siyasi mübarizə, çəkişmə, hakimiyyətə gəlmək arzusu, yaxud qisasçılıq hissi üçün alətə çevrilə bilməz.
Bəs Milli Şuranın onlayn toplantısında “Cənablar, sizlərə xoş xəbərim var! Mən sizi heyrətamiz xəbərlə təbrik etmək istəyirəm! Neftin qiyməti 14 dollara qədər düşüb” deyən bir şəxsin və onunla birgə sevinənlərin yuxarıda qeyd etdiyimiz anlayışlardan xəbərləri varmı? Görəsən, hələ siyasi dünyagörüşü, savad və s. kimi amillər bir kənara, hansı psixoloji duruma malik olmalısan ki, öz ölkənin əsas gəlir mənbəyinin, (o mənbə ki, ondan təkcə ölkənin oliqarxı, oğru məmuru yox, həm də pis-yaxşı kasıb-kusubu, xəstəsi, qocası, əlili və s. dolanır) zəifləməsinə sevinə, bunu “heyrətamiz xəbər” kimi bayram edə biləsən?
Hakimiyyəti öz xalqından ayrı düşməkdə, dövlətin maraqlarını satmaqda, əhalinin rifahını düşünməməkdə günahlandıran və özünü siyasətçi adlandıran bir şəxs dövlətin əsas gəlirlərini təmin edən strateji məhsulun dəyərdən düşməsinə necə sevinə bilər?! Axı neftin ucuzlaşması sizə nə verəcək? Hələ bu adamlar bu qafa ilə mövcud hakimiyyət üzərində siyasi qələbə qazanmağı, hakimiyyətə gəlməyi düşünürlər...
Deyək ki, Azərbaycan neftinin qiyməti hətta 10 dollardan da aşağı düşdü. Ölkənin gəlirləri, valyuta ehtiyatları azaldı, büdcə kəsiri yarandı, iqtisadi böhran dərinləşdi... Bundan ilk növbədə itirənin, ciddi zərbə alanın kim(lər) olacağını məgər xanım Gültəkin bilmir?
Bilmir ki, ölkənin büdcəsinin əhmiyyətli hissəsi neft gəlirlərindən formalaşır və neftin qiymətinin uzun müddət aşağ səviyyədə qalması Azərbaycanda hər bir vətəndşın həyat səviyyəsinə mənfi təsir göstərəcək? Bilmir ki, müəllimin, həkimin aldığı maaş da, pensiyaçının aldığı təqaüd də, ticarətçinin, inşatçının qazançı da məhz neft gəlirlərinə bağlıdır. Və neftin qiymətinin düşməsi bu insanların da əmək haqqı, pensiya almasında çətinliklər yarada, ölkə vətəndaşının həyat səviyyəsinə mənfi təsir göstərə bilər?
Əlbəttə bilir... Ancaq neftin qiymətinin düməsini az qala bayram kimi qarşılaması göstərir ki, onu ölkə insanının taleyi maraqlandırmır. Onun istədiyi sadəcə hakimiyyətin çətin vəziyyətə düşməsi, ölkədə sosial narazılıqları artması, Azərbaycan dövlətinin zəifləyərək, hansısa xarici dairələrə, Qərb dövlətlərinə və beynəlxalq təşkilatlara möhtac duruma düşməsidir...
Məgər müxalifətçi olmaq budur? Elə bir ölkə varmı, orada müxalifətdə olan qurumun təmsilçiləri ölkənin iqtisadi cəhətdən ağır vəziyyətə düşmə ehtimalına sevinsin. Yəqin ki, yoxdur...
Azərbaycan müxalifətinin xanım funksioneri isə nəinki öz ölkəsində iqtisadi böhranın yaranma ehtimalına sevinir, hətta Qərb dövlətlərini və təşkilatlarını ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə çağırır. O və həmfikirləri ABŞ-ın Kristofer Smit, Frenk Pallone kimi ermənipərəst konqresmenlərinin fikrlərini dəstəkləyərək, Ağ Evi Azərbaycana qarşı "Maqnitski aktı"na bənzər sanksiyalar tətbiq etməyə çağırıblar.
Əlbəttə, Azərbaycanın regiondakı geopoliktik rolunu və hakimiyyətin balanslaşdırılmış xarici siyasətini nəzərə aldıqda, bu cür çağırışların heç bir nəticə verməyəcəyi şübhə doğurmur.
Ancaq Azərbaycanı sevməyən hansısa dairələrin belə çağırışlarına qoşulmaq, bundan mədət ummaq birinci növbədə öz millətinə və dövlətinə qarşı əks cəbhədə dayanmaqdır.
Çünki sanksiyaların tətbiqi də, hakimiyyətə deyi, ilk növbədə dövlətə və ölkənin vətəndaşlarına zərbə vurur. Tutaq ki, Gültəkin xanımım arzusu reallaşdı və Azərbaycana qarşı "Maqnitski aktı"na bənzər sanksiyalar tətbiq edildi. Belə sanksiyalarla hakimiyyət dəyişəcəkmi? Əlbəttə yox. Necə illərdir ABŞ-ın, Qərbin sanksiyalarına məruz qalan hansı ölkədə hakimiyyət dəyişib? Heç birində... Rusiya, İran, Belarus, Suriya və sair buna əyani misallardır.
Bəs bundan qazanan kim olacaq?
Təbii ki, ermənilər və Azərbaycanı tam olaraq öz təsiri altına salmaq istəyən xarici dairələr, məsələn, Rusiya hökuməti. Qarabağ probleminin həlli daha da çətinə düşəcək, Azərbaycanın müstəqilliyinə olan təhdidlər artacaq.
Uduzan kim olacaq?
Təbii ki, Azərbaycan dövləti və Azərbaycan xalqı.
Özünü politoloq hesab edən Gültəkin Hacıbəyli bunları əlbəttə ki, bilir. Ancaq bildiyi halda bunu arzulaması, buna çağırış etməsi onun Azərbaycan dövlətinə və Azərbaycan xalqına bağlılığını sorğulamağa əsas verir.
Əgər Gültəkin Hacıbəyli və həmfikirləri doğrudan da Azərbaycan xalqının maraqlarını düşünsəydilər, məsələn, xaricdə dövlətimizə qarşı olan qüvvələrlə birgə hərəkət etmək əvəzinə, hakimiyyətin onlara uzatdığı “zeytun budağını” tutar, dialoq təklifinə müsbət cavab verər, Azərbaycan siyasətinə müəyyən qədər töhfə verərdilər.
Bu gün Azərbaycan hakimiyyəti bütün keçmişdə olan qarşılıqlı ittihamların üzərindən xətt çəkərək, ölkədə yeni siyasi mühit formalaşdırmağa çalışır. Bütün siyasi rəqibləri ilə dialoq qurmağa, onların fikirlərini öyrənməyə cəhd edir. Ancaq təəəssüf ki, Gültəkin Hacıbəylinin təmsil olunduğu qruplaşma hakimiyyətin onlara uzatdığı barışıq əlini tutmaq əvəzinə, neftin qiymətinin ucuzlaşmasına çırtıq çalıb oynamaq, başqa sözlə, fəlakət dəllallığı etmək yolunu tutmaqdadır. Amma bundan hər kim qazanacaqsa, dəqiqdir ki, o, Gültəkin Hacıbəyli və həmfikirləri olmayacaqlar.
Rasim Əliyev