Generalın əsgərləri onunla bağlı xatirələrini bölüşdü: Polad güllə keçirməz axı.. | 1news.az | Xəbərlər
Cəmiyyət

Generalın əsgərləri onunla bağlı xatirələrini bölüşdü: Polad güllə keçirməz axı..

20:03 - 14 / 07 / 2020
Generalın əsgərləri onunla bağlı xatirələrini bölüşdü: Polad güllə keçirməz axı..

İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. 

Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov ön xətdə qəhrəmancasına şəhid olub. Ermənistan ordusunun generallarından fərqli olaraq Azərbaycan Ordusunun generalları, yüksək rütbəli zabitləri döyüş meydanında öz əsgərlərini irəli verib, arxasında gizlənməyib. 

Bu hal Azərbaycan Ordusunda generallarla əsgərlərin Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır.

Ancaq Ermənistan hər zamanki pis addımlarından əl çəkmir.  Belə ki, qəhrəmanlıqla döyüşən generalımızla bağlı Ermənistan mətbuatında mənfi yazılar gedir. Ancaq bunlar böhtan xarakterli yazılardı. General-mayor Polad Həşimov doğru məlumatları onun əsgərləri öz xatirələrində paylaşıblar.

1news.az general-mayor Polad Həşimovun əsgərlərinin xatirələrini təqdim edir:

Ramazan Səmədov yazır:

"2010-2011-ci illərdə komandirim olmuş Polad Həşimovun xatirəsinə:

Yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.

Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi. 

Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü. 

Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində gullə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad güllə keçirməz…

İyun ayında Aztv məndən müsahibə götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb türməyə gedən bir aktivistə qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu eləyəsi deyiləm. Komandir məni kazarmaya göndərdi. Jurnalistləri götürüb harasa getdilər. Gecə yarısı növbətçi mənə təcili komandirin yanına getmək göstərişini verdi. Komandir Həşimovla çay içdik, otağında mənə dedi ki, narahat olma, danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək. Zarafatca, həm də ciddi şəkildə komandirə qayıtdım ki, sizi efirdə tərifləməyəcəm ha, cünkü buna ehtiyacınız yoxdu. Güldü, dedi ki, düz eləyirsən. Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə görə 10 günlük məzuniyyətə göndərdi. Tapşırıqsız, tərifsiz.

Qayıdandan sonra Briqada düzülüşü idi. Minlərlə əsgərin qabağında məni çağırdı, dedi ki doktor (hərbi xidmətə doktoranturanı yarımçıq buraxıb getmişdim, ona görə doktor deyə çağırırdı məni), gedirik posta odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı Həşimov.

Yanvarın 1-i evə yola düşmək vaxtı çatdı. Özü mənə bir geribilim forması verdi. Dedi, nə düşünürsən, onu da yaz. Problemlərdən danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalamayaraq əlavə elədi ki, yaz doktor, yaz, bəlkə oxuyan oldu…

İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik".

Fədail Məmmədov yazır:

"Bugün şəhid olan General-mayor Polad Həşimov mənim də komandirim olub. 

Aprel döyüşləri zamanı göstərdiyi şücaət, əsgərlərə qarşı qayğıkeş davranışı onu şəxsən tanımıyan əsgərlərdə də ona qarşı xüsusi hörmət hissi yaratmışdır. Onun Aprel döyüşlərinin əsas qəhramanlarından biri adlandırılması da əbəs yerə deyil. 

Təlimlər zamanı əsgərlərlə birlikdə quyu qazdığının canlı şahidi olmuşam. Belə sadə, yüksək hərbi biliyə malik, vətənə sevgisi sonsuz olan Generalın şəhid olmasına hələdə inana bilmirəm. 

Allah General Polad Həşimova və bütün digər şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun!

Biz səni unutmayacağıq Cənab General!". 

Yusif Məhəmmədoğlunun qeydləri:

" Murov dağlarında hərbi xidmətdə olduğum zaman General mayor Polad Həşimov   mənim tabor komandirim olub. Sözün hər bir mənasında peşəkar idi. Allah rəhmət eləsin. Nur içində uyu Komutanım! Vətən sağ olsun!". 

Qafar Ağayev 

 

Paylaş:
1745

Son xəbərlər

Bütün xəbərlər