Albaniyada milli bayram günü hökumət əleyhinə aksiyalar toqquşmalara çevrilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Albaniyada milli bayram günü hökumət əleyhinə aksiyalar toqquşmalara çevrilib

1news Redaksiyası17:37 - Bu gün
Albaniyada milli bayram günü hökumət əleyhinə aksiyalar toqquşmalara çevrilib

Albaniyanın paytaxtı Tiranada Müstəqillik Gününün 114-cü ildönümü münasibətilə keçirilən hökumət əleyhinə etiraz aksiyaları zamanı gərginlik artıb.

1news.az xəbər verir ki,Ölkə üzrə təşkil olunan etirazlar Baş nazirliyin binası qarşısında polis və nümayişçilər arasında baş verən toqquşmalarla şiddətlənib.

Yerli vaxtla saat 10:00 radələrində Skanderbeg meydanında başlayan aksiyaya tələbələr də qoşulub. Nümayişçilərin bir qismi Baş nazirliyin binası qarşısında təhlükəsizlik tədbirləri görən polis əməkdaşlarına daş, dəyənək və “Molotov kokteyli” atıb. Polis isə kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Baş nazirliyin binası qarşısında gərginlik artıb

Polisin müdaxiləsinə baxmayaraq, nümayişçilər Baş nazirliyin binası qarşısından geri çəkilməyiblər. Hökumət binasına doğru yürüşün davam etdiyi saatlarda toqquşmalar daha da şiddətlənib.

Etirazlar zamanı bəzi nümayişçilər müxtəlif dövlət qurumlarının binalarını da hədəfə alıblar. Xüsusilə, daş və taxta dəyənəklərdən istifadə edən yetkinlik yaşına çatmayan şəxslərin binaların pəncərələrini sındırdığı müşahidə olunub.

Hadisələr zamanı bir nümayişçi yaralanıb. Əraziyə gələn təcili tibbi yardım briqadası yaralıya ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparıb.

ABŞ səfirliyindən təhlükəsizlik xəbərdarlığı

Tirandakı ABŞ səfirliyi noyabrın 28-29-da keçirilməsi planlaşdırılan nümayişlərlə əlaqədar təhlükəsizlik xəbərdarlığı yayıb. Səfirlik, xüsusilə ABŞ vətəndaşlarına izdihamlı ərazilərdən uzaq durmaq və ehtiyatlı olmaq çağırışı edib.

Açıqlamada paytaxtın mərkəzində və hökumət binalarının ətrafında keçiriləcək aksiyaların yolların bağlanmasına və nəqliyyatın hərəkətində dəyişikliklərə səbəb ola biləcəyi bildirilib.

Səfirlik əvvəlki etiraz aksiyalarının zorakılıqla nəticələndiyini də xatırladıb. Həmin aksiyalar zamanı daş atıldığını, yandırıcı maddələrdən istifadə edildiyini və dövlət əmlakına ziyan vurulduğunu qeyd edib.

Gözyaşardıcı qaz və plastik güllələrlə bağlı xəbərdarlıq

ABŞ səfirliyi etiraz məkanlarının yaxınlığında olan şəxslərin gözyaşardıcı qaz, fişənglər, yandırıcı maddələr və plastik güllələr səbəbindən xəsarət almaq riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Səfirlik əməkdaşlarına da bütün nümayiş ərazilərindən uzaq durmaq barədə göstəriş verib.

Açıqlamada vətəndaşlara ehtiyatlı olmaq, şəxsi təhlükəsizliklərini prioritet hesab etmək, son məlumatları yerli media vasitəsilə izləmək və yerli hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etmək çağırışı edilib.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər