Ekoloji təmizlik və təhlükəsizlik: Bakı küçələrində yeni “London taksi”lərinin üstünlükləri barədə – FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, yaxın günlərdə LEVC TX modelinin 100 yeni “London taksi”si Bakıya gətirilib, onlar əvvəlkilərlə müqayisədə bir sıra üstünlüklərə malikdirlər.
Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxta gətirilən avtomobillərlə tanış olub, taksilərin xüsusiyyətləri haqqında ona məlumat verilib və avtomobillərin hərəkətini sınamaq üçün yeni taksilərdən birinin sükanı arxasına əyləşib.
Bu avtomobillərin salonlarında həm sərnişinlər, həm də sürücülər üçün rahat şərait yaradılıb. Koronavirus pandemiyası zamanı bu cür taksilərin əsas üstünlüyü sərnişin ilə sürücü arasında quraşdırılmış şüşə arakəsmədir ki, bu da birbaşa təmasdan qaçmağa kömək edir və etibarlı izolyasiya mühiti yaradır. Yeni taksilərdə sürücü ilə ünsiyyət xüsusi mikrofon vasitəsilədir və ödəniş POS-terminallar vasitəsilə həyata keçirilir.
Yeni modellər fiziki məhdudiyyətli insanların rahat istifadə üçün kifayət qədər uyğunlaşdırılıb. Kabinədə görmə əngəlli sərnişinlər üçün Brayl şriftiylə idarə paneli və eşitmə məhdudiyyətli sərnişinlər üçün məlumat lövhəsi ilə təchiz edilib. Bundan əlavə, nəqliyyat vasitələri fiziki qüsurlu sərnişinlər üçün pandus, qatlanan oturacaq və sürüşməyən döşəmə ilə təchiz olunub.
“London taksi”lərin LEVC TX modelinin əsas fərqləndirici xüsusiyyəti odur ki, avtomobillər yanacaqla deyil, həm ev şəraitində, həm də xüsusi təchiz olunmuş stansiyalarda yüklənə biləcək elektrik enerjisi ilə işləməsidir. Smart konfiqurasiya sayəsində bu avtomobillər ekologiyaya və ətrafa zərər vermədən vahid yüklənmə ilə 130 kilometrə qədər gedə bilir.
Bununla yanaşı, burada təhlükəsiz sürücülük üçün hər cür şərait yaradılıb. Smart texnologiya sayəsində avtomobil özü sürücünü yolda yol verilən maksimum sürət barədə xəbərdar edir. Sürücü idarəetməni itirərsə və ya hərəkət trayektoriyasını dəyişdirərsə, xüsusi sensorlar bu barədə ona məlumat verəcək.
Yeni taksilərin salonu daha genişdir – burada altı sərnişin oturacağı var, həmçinin Wi-Fi və elektrik elektrik yuvaları ilə təmin edilib. Bununla yanaşı, taksilər sürücülər üçün geniş imkanlar yaradan Android sistemi ilə təchiz edilib. Beləliklə, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilərlər.
LEVC TX modelli “London taksi”lərinin alınması sərnişin daşımalarının keyfiyyətini artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da kömək edəcək.
Qeyd edək ki, taksilər artıq vətəndaşlara xidmət etməyə hazırdırlar.
Tərcümə: S.Xankişiyeva