Dövlət başçısı: Bu il 147 məktəbin tikintisi nəzərdə tutulur | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət başçısı: Bu il 147 məktəbin tikintisi nəzərdə tutulur

09:32 - 15 / 09 / 2020
Dövlət başçısı: Bu il 147 məktəbin tikintisi nəzərdə tutulur

"Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur".

1news.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyib.

Dövlət başçısı bildirib:

Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur.

Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir.

Qafar Ağayev

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər