“Ordumuz düşmənə həlledici zərbəni endirməyə hazırdır” - Sevinc Orucova

Azərbaycan Ordusu hələ 2016-cı ildə kiçik əməliyyatla düşmənə ilk zərbəni endirmişdi. Onlara bir şans verdik ki, bir daha düşünsünlər.
Bunu 1news.az-a açıqlamasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, 2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova cəbhə bölgəsindəki vəziyyəti şərh edərkən deyib:
“Otuz ildir ki, atışmalar baş verir, şəhidlər veririk, düşmən bizə qarşı yeni-yeni ərazi iddiaları irəli sürür. Otuz ildir səbr etdiyimiz yetər. Bu gün Azərbaycan Ordusu kifayət qədər güclüdür, lazım olan bütün maddi-texniki resurslara malikdir ki, düşmənə son həlledici zərbəni endirsin”.
Xalqımızın Ordumuzun gücünə inandığını və onu dəstəklədiyini deyən S.Orucova hər kəsi Orduya aid və cəbhə bölgəsindən material və xəbər yayarkən diqqətli olmağa çağırıb:
“Hər kəs bu məsələdə çox diqqətli olmalıdır. Hərbi obyektlər, Silahlı Qüvvələrimizin şəxsi heyəti haqqında olan məlumatlar yayımlanmamalıdır. Düşmən bundan öz xeyrinə bizə qarşı istifadə edə bilər. Unutmamlıyıq ki, Ordunu qorumaq xalqı qorumaq deməkdir”.
Şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu deyən S.Orucova həyata keçirdikləri işlərdən də danışıb:
“Dövlətimiz hər zaman şəhid ailələrinə böyük diqqət və qayğı göstərir. Şəhid ailələrinin mənzil, məişət və digər problemlərinin həlli hər zaman diqqətdə saxlanılır. Bizə ən böyük dəstəyi isə Heydər Əliyev Fondu göstərir.
2016-cı ilin aprel döyüşlərindən sonra şəhid ailələri olaraq “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi adlı təşkilat yaratdıq. Üzləşdiyimiz problemləri müvafiq dövlət qurumları vasitəsilə həll etməyə çalışırıq. Ailələrimizin səhiyyə, övladlarımızın təhsil problemlərinin həllindən tutmuş şəhidlərimizin tanıdılmasına qədər bir çox işlər həyata keçiririk. Çalışırıq ki, bacardığımız qədər şəhid ailələrinin problemləri üzə çıxarılsın və həll olunsun”.
S.Orucova cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu da qeyd edib:
“Artıq dörd ildir ki, məktəb və universitetlərdə Qarabağ həqiqətlərinin, şəhidlərimizin, tariximizin tanıdılmasını, milli ideologiyanın təbliğ edilməsini həyata keçiririk. Həm aprel döyüşləri, həm də Tovuz döyüşləri göstərdi ki, Azərbayca xalqı böyük vətənpərvərlik ruhuna malikdir və torpaqlarımızı işğaldan azad etmək üçün mübarizəyə hər an hazırdır”.
B.Cahandarov