Bakıda 25 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayının 30-na olan hava proqnozunu açıqlayıb.
Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Sentyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-16 dərəcə isti olacaq.
1news.az