Gəncədə ölənlərin sayı 9-a çatıb, dağıntılar altından 17 nəfər çıxarılıb

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.
Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Nazirliyin müvafiq qüvvələri tərəfindən bu saat qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 nəfərin cəsədi çıxarılıb.
Axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzindən 33 nəfər şəxsi heyət və 3 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 25 nəfər şəxsi heyət, 3 texnika və 5 baş xüsusi təlim görmüş it, Mülki müdafiə qoşunlarından 48 nəfər şəxsi heyət və 2 ədəd texnika, Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət və 3 texnika cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112" qaynar telefon xətti"nə dərhal məlumat verilməsi xahiş olunur.
1news.az