Hikmət Hacızadə vəfat edib

“Bu gün atam Hikmət Hacızadə dünyasını dəyişdi. Hikmət bəy insult keçirib. Atam saat 11.30-da Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq, heç bir yas mərasimləri nəzərdə tutulmayıb. Çox sağ olun”, - deyə o bildirib.
Qeyd edək ki, Hikmət Hacızadə 11 noyabr 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib, 1983-cü ildə Moskvada dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə başlayan milli-azadlıq hərəkatında fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü və AXC-nin "Svoboda" qəzetinin redaktoru olub. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səfiri vəzifələrində çalışıb. 1993-cü ildən Müsavat Partiyasının bərpaçılarından olub. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, bir neçə kitabın müəllifidir.
Allah rəhmət eləsin!
1news.az