Rusiya sülhməramlılarının xəritə icadı və Azərbaycanın qətiyyətli mövqeyi - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya sülhməramlılarının xəritə icadı və Azərbaycanın qətiyyətli mövqeyi - TƏHLİL

18:21 - 15 / 12 / 2020
Rusiya sülhməramlılarının xəritə icadı və Azərbaycanın qətiyyətli mövqeyi - TƏHLİL

Dekabrın 13-də Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilmişdi.

Xəritədə Rusiya sülhməramlılarının nəzarət etdiyi kimi göstərilən bəzi ərazilər 10 noyabr bəyanatına əsasən Azərbaycan Ordusunun nəzarətindədir və buna görə də həmin xəritə həqiqəti əks etdirmirdi.  Azərbaycan tərəfi humanizm nümayiş etdirərək o ərazilərdə “azmış” və ya “qalmış” kimi təqdim olunan erməni silahlı dəstələrinin çıxması üçün şərait yaratmış, lakin erməni silahlıları orada möhkəmləyə çalışmışdılar. Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar etmiş, nəticədə ölən və yaralananlar olmuşdu.  Azərbaycan dərhal sülhməramlılarla əlaqə yaratmış, məsələnin ciddiliyini onların diqqətinə çatdırmış, bundan sonra antiterror əməliyyatı keçirərək həmin əraziləri terrorçulardan təmizləmişdir. Bütün bunlar bu isə Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuşdu.

Azərbaycan qətiyyət və siyasi iradə nümayiş etdirərək bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək.

Artıq dekabrın 14-də Rusiya sülhməramlılarının təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırılıb və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqlənib.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov noyabr ayının 10-da, Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı sənədə diqqət çəkərək qeyd edib ki, sözügedən sənəddə Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ərazisində konkret ərazilər, çoğrafiya çərçivəsində yerləşdirilməsi nəzərdə tutulub:

“Məlum olduğu kimi noyabr ayının 10-da, Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı bəyanat müharibəyə, hərbi əməliyyatlara son qoydu. Bu bəyanat eyni zamanda Ermənistanın kapitulyasiyası kimi dəyərləndirilməlidir. Bu sənəd 9 bənddən ibarətdir və bu bəndlərdən birində Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ərazisində konkret ərazilər, çoğrafiya çərçivəsində yerləşdirilməsi nəzərdə tutulub.

Bir neçə gün bundan öncə məlum oldu ki, Rusiya sülhməramlıları öz missiyalarını aşaraq yeni xəritə icad ediblər. Həmin xəritədə onlar özlərinin sülhməramlı missiyalarını ərazi baxımından genişləndiriblər və Xocavənd rayonunun daha iki kəndini - Köhnə Tağlar və Çaylaqqalanı da həmin xəritədə özlərinin məsuliyyət zonasına aid ediblər. Bu da tamamilə qəbuledilməz bir məsələdi, çünki onların belə bir səlahiyyəti yoxdur. Eyni zamanda bunun digər mənfi cəhəti ondan ibarətdir ki, Ermənistan tərəfi artıq bundan ruhlanır, revanşizm hissləri güclənir.

E.Nəsirovun sözlərinə görə, Ermənistan tərəfi bu qənaətə gəlir ki, əgər Rusiya sülhməramlı qüvvələri  öz bildiyini edirsə, 10 Noyabr razılaşmasının şərtlərini poza bilirsə, özfəaliyyətlə məşğul ola bilirsə, özünün istədiyi kimi xəritələr cıza bilirsə, onda bu istər-istəməz Ermənistanın siyasi hərbi rəhbərliyində revanşizmi gücləndirir:

“Onlar yenidən terrorçu əməllərə əl atır və qeyd etdiyim ərazilərdə Ermənistan Respublikasının terrorçu birləşmələri Azərbaycanın 3 əsgərini qətlə yetiriblər və yaralılar da var. Bütün bunlar 10 noyabr razılaşmasının şərtlərinə ziddir, onun pozulması anlamındadır. Bu da Azərbaycan cəmiyyətində, ictimaiyyətində çox böyük narazılığa səbəb oldu. Böyük təəccüb və təəssüf hissi doğurdu ki, niyə Rusiyada müəyyən siyasi dairələr qanunazidd addımlar atır.

Razılaşmanın şərtlərinin pozulması təbii ki, Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyətinə xələl gətirir, kölgə salır. Həm də münasibətlərimizin persektivləri üçün şübhələr yaradır. Belə olan vəziyyətdə Azərbaycan ictimaiyyətinin, bizim medianın, Xarici İşlər Nazirliyinin, müvafiq qurumların bu məsələ ilə bağlı prinsipial mövqeyi oldu.

Dövlət Təhlükəsizlik Xidməti xüsusi anti-terror əməliyyatı da keçirdi, dövlətimizin mövqeyi ortaya qoyuldu. Eyni zamanda qardaş Türkiyə dövləti yenə də bu məsələlərdə Azərbaycanın yanında olduğunu bəyan etdi. Biz Türkiyənin Milli Müdafiə Nazirliyinin qətiyyətli mövqeyinə şahidlik elədik”.

10 noyabr razılaşmasına əməl etməyin vacibliyini vurğulayan deputatın sözlərinə görə, onun pozulması vəziyyəti kifayət qədər gərginləşdirə bilər:

“Bu nəticə etibarı ilə müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər. O müharibə ki, artıq Ermənistanın özünün məhvinə bərabərdir. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putinin sözlərini xatırlatmaq istəyirəm. O demişdi ki, əgər Ermənistan yenidən müharibə ilə bağlı təhrikedici addım atsa bu özünü məhvə bərabər olacaq. Bütün bu reallıqlar fonunda hesab edirəm ki, Ermənistan tərəfi geri çəkilməli oldu, eyni zamanda Rusiya sülhməramlıları da o xəritədə etdikləri dəyişiklikləri düzəltdilər. Özlərinin icad etdikləri xəritəni bir kənara qoydular. 10 noyabr razılaşmasından irəli gələn bir davranışı ortaya qoymalı oldular. Hesab edirəm ki, bu, bütövlükdə Azərbayacn dövlətinin, Azərbaycan ictimiyyətinin, qardaş Türkiyənin cəm halında qətiyyətli mövqeyi sayəsində baş verdi”.

Qafar Ağayev

Paylaş:
1406

Son xəbərlər

Bütün xəbərlər