Layihə çərçivəsində paytaxtın 12 inzibati rayonu üzrə məktəb direktorlarının iştirakı ilə distant tədris prosesini izləmək üçün dərs müşahidələrinin davamlı təşkili nəzərdə tutulur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yeni layihə - “Virtual məktəbdə bir gün”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Virtual məktəbdə bir gün” layihəsinə start verilir.
İdarədən 1news.az-a verilən məlumata görə, layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.
Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təşkil edilən distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən dinləniləcək. Sonra layihə üzrə “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılacaq.