“Azərbaycanda ovun düzgün təşkili bütün heyvan növlərinin sayının artmasına imkan verəcək” - Alim | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanda ovun düzgün təşkili bütün heyvan növlərinin sayının artmasına imkan verəcək” - Alim

17:12 - 01 / 02 / 2021
“Azərbaycanda ovun düzgün təşkili bütün heyvan növlərinin sayının artmasına imkan verəcək” - Alim

“İnsan çox qədim zamanlardan bəri ov edir və min illərdir ki, əsas həyat tərzi və qida mənbəyi olmaqla yanaşı, mərasimlərin bir hissəsi olub, bir çox xalqın dinində və mifologiyasında animalistik motivlərinin əsasını təşkil edib. Qədim ovçuların ovdan əvvəl həyata keçirdiyi ayinlər və ov səhnələri Qobustandakı qayaüstü rəsmlərdə də təsvir edilib”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərov deyib. Onun sözlərinə görə, ovçular vəhşi heyvanları əhliləşdirməklə kənd təsərrüfatında yeni bir sahənin - heyvandarlığın yaranmasına səbəb olublar:

“Eyni zamanda, həmin ovçular qədim meqafaunanın - mamont, tüklü kərgədan, qədim tur, mağara ayısı, aslan və digər qədim heyvan növlərinin yox olmasına səbəb olublar.

Yeni dolanışıq mənbələrinin tapılması ilə ovçuluq tədricən arxa plana keçdi. Orta əsrlərdə isə cəmiyyətin bəzi yuxarı təbəqələrinin mülkiyyətinə çevrildi. Orta əsr miniatür sənətinin nümunələrində Azərbaycan feodallarının ov səhnələri parlaq şəkildə təsvir edilib. Bu qiymətli elementlər alimlərdə qədim faunamızın növ tərkibi haqqında təsəvvür yaradır.

Ənənəvi olaraq ovçuluq obyektləri ət, dəri, buynuz, xəz və s. ilə insanları təmin edən dırnaqlı və yırtıcı məməlilər idi. Böyük ov obyektləri itdikdən sonra isə kiçik heyvanları və quşları ovlamağa başladılar. Ölkəmizin faunasından onagərlər, kulanlar, vəhşi atlar, qədim öküzlər, sayqaklar, aslanlar, hepardlar və s. heyvanlar yox oldu. Yırtıcı heyvanlar əksər hallarda qida rəqibi və insanlar üçün təhlükə mənbəyi olduqları üçün məhv edilib.

Azərbaycanın aran bölgələrində çox sayda ceyran sürüsü müxtəlif xarici istilaçıların dəstələri tərəfindən məhv edilib. Bu günə qədər səkkiz dırnaqlı heyvan növü gəlib çatıb ki, bunlardan yalnız vəhşi donuz və Şərqi Qafqaz turu ölkənin Qırmızı Kitabına daxil edilməyib”.

Ovçuluğun kommersiya tərəfindən danışan E.Əsgərov bildirib ki, əksər növlərin ehtiyatları Azərbaycanda kommersiya ovunun təşkili üçün imkanlar yaratmırdı:

“Sovet dövründə kiçik yırtıcıların və gəmiricilərin kürkü yığılsa da, cənub iqlimində yaşadığımıza görə ölkəmizin ərazisində yaşayan heyvanların xəzinin keyfiyyəti istənilən keyfiyyətə malik deyildi. Hətta ölkəmizə gətirilən yenot, skunks, yenotabənzər köpəklər, şinşillalar, nutria belə xəz ticarət dəyərini itirdi, yenotlar isə zərərvericilərə çevrildi. Yeri gəlmişkən, dünyada ekoloji aktivistlərin, heyvan hüquqları təşkilatlarının və s.-nin maarifləndirmə işləri səbəbindən xəzə olan tələbat azalmaqdadır.

Son vaxtlar qənimət ovu deyilən ovçuluq geniş yayılıb ki, bu da xarici ovçulardan alınan vəsaitlər sayəsində yerli icmaların sosial-iqtisadi imkanlarını yaxşılaşdırmağa imkan verir”.

E.Əsgərovun sözlərinə görə, ovun düzgün təşkili sayəsində ov növlərinin sayını artırmağa nail olmaq mümkündür:

“Qərb ölkələrində ovun düzgün təşkili sayəsində ov növlərinin sayı o qədər artdı ki, onlar hətta meşə təsərrüfatı və əkinçilik zərərvericilərinə çevrildilər. Bu ölkələrdə heyvan populyasiyasının vəziyyəti, ovun tam və ya qismən qadağan edildiyi ölkələrə nisbətən xeyli yaxşıdır.

Azərbaycanda qanun bəzi quş və məməli növlərinə həvəskar ov etməyə icazə verir. Bəzən müxtəlif səbəblərdən ölkədə ovçuluq müvəqqəti qadağan edilir (“quş qripi”, COVID-19 səbəbiylə karantin tədbirləri). Ölkədə sayları on minlərlə olan ovçular isə bu qadağalara etirazla cavab verir və bunu qanunla təsdiqlənmiş vətəndaş hüquqlarının pozulması hesab edirlər. Bəzi cəmiyyət nümayəndələri isə Qırmızı Kitabdakı bir çox heyvan növünün tamamilə məhv edilməsinin və yoxa çıxmasının əsas səbəblərindən biri olduğuna inanaraq ovun tamamilə qadağan edilməsini tələb edirlər.

Bu tərəflər arasında dialoqun təşkili üçün 2020-ci ilin fevralında Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən xarici mütəxəssislərin və yerli maraqlı tərəflərin iştirakı ilə beynəlxalq forum təşkil edildi. Uzun müzakirələrdən və müxtəlif ölkələrin təcrübələrini öyrəndikdən sonra forum iştirakçıları ölkədə ova elmi cəhətdən əsaslandırılmış hədlərdə və ətraf mühitin mühafizəsi orqanlarının ciddi nəzarəti altında icazə verməyə razı oldular”.

E.Əsgərov heyvansevərlərin etirazlarına baxmayaraq ovun tamamilə qadağan edilməsinin elə də asan məsələ olmadığı qənaətindədir:

“Şəxsən mən insanın həyatından və şüurundan ovçuluğun kökünü kəsməyin mümkün olduğunu təsəvvür etmirəm. Milyonlarla il əvvəl insanın özü ilə dünyaya gəldi və artıq onun həyatında əvvəlki rolunu oynamasa da, şüuraltı səviyyəsində gizlənib və ehtiyac duyduğu anda özünü yaşamaq üçün əsas instinktlərindən biri kimi büruzə verir.

Baxmayaraq ki, bütün dinlər min illərdir insanları öldürməməyi öyrədir. Ancaq ovçuluğu şüurlu çərçivələr daxilində tənzimləmək, ona nəzarət etmək mümkündür.

Hər ovçunun yanında bir dövlət nəzarətçisi göndərmək real deyil. Bu səbəbdən ovçular özləri bu işə məsuliyyətlə və vicdanla yanaşmalıdırlar. Ovçularımız buna nə dərəcədə hazırdır, nə dərəcədə müvafiq biliklərə sahibdirlər? Bu məsələlər ictimai müzakirəyə ehtiyac duyur”.

Timur Rzayev

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər