Səlim Müslümovun atası: Səhər oğlumla danışmışam – YENİLƏNİB
Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S.Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb.
Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.
O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıb bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".
11:49
Sabiq nazir Səlim Müslümovun həbs edilməsi xəbəri yayılıb.
Unikal.org-un yaydığı məlumata görə, keçmiş məmur hüquq-mühafizə orqanları tərəfindən korrupsiya faktlarının araşdırılması ilə bağlı saxlanılıb.
Qeyd edək ki, S.Müslümov DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib.
Həbs xəbərini S.Müslümovun yaxınları Unikal.org-a təsdiqləyiblər.
S.Xankişiyeva












